date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-12
1,529
Niyə özəl obyektin qarşısını Bakı meri abadlaşdırır? - Fotolar
Bakı şəhər, Süleyman Sani Axundov küçəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmirə bağlanıb. Marşrutlar işləmir, redaksiyamızın yerləşdiyi bu əraziyə gəliş-gediş çətinləşib. Düşünmək olardı ki, aylardır təmirsiz, bərbad vəziyyətdə olan S.S.Axundov küçəsinin təmiri nəhayət ki, Bakı meriyasının yadına düşüb və acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyir. Ancaq təəssüf ki, düşündüyümüz kimi deyil... Yalnız şadlıq evinin qarşısı! İki günlük yol-təmir işlərindən sonra bəlli oldu ki, üstündə "Bakı şəhər İcra Hakimiyyəti" yazılan texnikanın yardımı ilə yalnız S.S.Axundov küçəsinin girişindəki yeni tikilən və hələ ad qoyulmayan şadlıq evinin qarşısı asfaltlanır. Təbii sual yaranır: niyə hansısa şadlıq evinin böyür-başını Bakı şəhər İcra Hakimiyyəti təmir etməlidir? Heç bir ictimai narazılıq nəzərə alınmadan, dövlətə məxsus texniki qüvvə və büdcə hansı zərurətdən bir sahibkarın şadlıq evinin qarşısında çalışmalıdır? Küçənin yol təmirində "restoran sahibi"? Bu suallara aydınlıq gətirmək üçün təmir-tikinti aparılan yerə getdik. Adıçəkilən küçədə çəkiliş aparan zaman 50-55 yaşlarında bir kişi foto çəkilişimizə əngəl olmaq istədi. Mediadan olduğumuzu biləndə isə, "bəlkə restoran sahibinin çəkilişə icazə vermədiyi" arqumenti ilə cavab verdi. Yol çəkilişi ilə məşğul olan şəxslər isə, "Niyə yalnız küçənin bu şadlıq evi yerləşən ərazisini təmir edirsiz", "Özəl müəssisənin ətrafını niyə Bakı şəhər İcra Hakimiyyəti təmir etməlidir" kimi suallarımıza qısaca cavab verdilər: "Ağa deyir sür dərəyə, sürürük. Desələr ki, bütün küçəni asfaltlayın, asfaltlayarıq. Onu daha biz bilmərik ki, Şadlıq evinin yolunu Bakı İcra Hakimiyyəti abadlaşdırmalıdır, ya başqası..." Bakı meriyası da bilmir? Məsələ ilə bağlı BŞİH–nin Mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova "Axar.az"ın əməkdaşı ilə telefon danışığı zamanı adı çəkilən ünvanda təmir-bərpa işlərinin Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını təsdiqlədi. Amma niyə təmirin şadlıq sarayı ilə məhdudlaşdığına və ümumiyyətlə, bir özəl müəssisənin ətrafını niyə Bakı İH-nin asfaltladığına isə cavab verə bilmiyəcəyini dedi: "Bəli, S.S.Axundov küçəsindəki təmir işləri BŞİH tərəfindən aparılır. Ancaq şadlıq sarayının qabağının təmir edilməsi məsələsinə heç nə deyə bilməyəcəm. Bunu həmin rayon icra hakimiyyətinin memarlıq idarəsi bilər. Onlarla əlaqə saxlayın". Binəqədi İH: "Şadlıq evinə çox adam gəlir deyə..." Binəqədi rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aynur Quliyeva "Axar.az"a təmir işlərinin ancaq şadlıq evinin qarşısında aparıldığını etiraf etdi: "Ola bilsin ki, yolun ancaq bir hissəsində təmir işləri aparılır. Təmir işləri mərhələli şəkildə aparılır. Öncə yolun daha vacib hissəsi təmir edilir, daha sonra isə yerdə qalan hissənin təmir edilməsinə başlanılır. Həmin küçədə təmir işlərinin şadlıq sarayının qabağında aparılması onunla bağlıdır ki, şadlıq evinə gəlib-gedən daha çox olur" Bizim şərh Əgər bir icra hakimiyyəti hər gün min əziyyətlə öz evinə gəlib-gedən sakinlər əvəzinə, hansısa şadlıq evinin böyür-başını təmir etməyi o məkana "gediş-gəliş" çoxluğu ilə izah edirsə və şadlıq evinin ətrafını abadlaşdırmağın səbəbi kimi oranın "daha vacib" olması ilə əsaslandırırsa, burda sözün tükəndiyi yerdir, artıq! Onu da nəzərə çatdıraq ki, aylardır qazılıb bərbad vəziyyətə salınan və aylardır sakinlərin zülmlə keçib-gəldiyi S.S.Axundov küçəsindəki bu adı hələ qoyulmayan şadlıq evi yenicə tikilir və ora hələ bu vaxta qədər bircə nəfər də "gəlib-getməyib".
2013-11-12
1,530
Nazir BBC-yə qarşı çıxdı
BBC-nin hegomoniyası yerli və ümummili mətbuat orqanlarının inkşafına mane olur. "Axar.az"ın "The Drum"a istinadən verdiyi məlumata görə, belə açıqlama ilə Böyük Britaniyanın Daxili İşlər naziri Tereza Mey çıxış edib. Onun sözlərinə görə, televiziya yayımı üçün vergilərin ödənməsi ədalətsiz addımdır. Nazir hazırda Britaniya mətbuatının yaşadığı böhranın əsas səbəbinin məhz BBC-nin hegemonluğu ilə əlaqədar olduğunu bildirib. T.Mey bu sahədə monopoliyanın yaranmaması üçün şirkətin yenidən öz siyasətinə nəzər yetirməyə məcbur olduğunu deyib.
2013-11-12
1,531
Bolqarıstanda “mafiya hökumət”ə qarşı etiraz
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təxminən 4 minə yaxın adam "sui-istifadə" etmə səbəbiylə hökumətə qarşı etiraz edib. Hökumət binası qarşısında toplanan nümayişçilər, "Oliqarxiya rejiminə son", "Rədd olsun mafiya" şüarları səsləndiriblər. AB-nin ən yoxsul ölkəsi olan Bolqarıstanda 2013-cü il yoxsulluq və "sui-istifadə"yə qarşı üsyanlarla keçib. Fevral ayında hökumət etirazlara görə istefa vermişdi. Teknokrat baş nazir Plamen Oreşarski iqtidara gəlsə də, tələblərinin yerinə yetirilmədiyini söyləyən bolqarlar aksiyalar keçirməyə davam edirlər.
2013-11-12
1,532
“Azadlıq” qəzetinin çapı dayandırıldı
"Azərbaycan" nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün "Azadlıq" qəzetinin çapını dayandırıb. Qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq. Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil. "Azərbaycan" nəşriyyatı "Azadlıq" qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib. Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib. Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb. Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün "Azadlıq" qəzeti kampaniya başladıb. Kampaniya hazırda davam edir. Qəzet yerli və beynəlxalq ictimaiyyətin dəstəyini almağa davam edəcəyinə ümid bəsləyir. "Azadlıq" ən tez zamanda yenidən oxucuları ilə görüşə bilmək üçün ondan asılı olan hər şeyi edəcək. Hələliksə qəzetin çapı dayandırılsa da, onun saytı fəaliyyətini davam etdirir. Məlumat və məqalələrimizlə saytımızda tanış ola bilərsiniz.
2013-11-12
1,533
“Yeni Azərbaycan”dan “Azadlıq”a dəstək
"Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənli barədə "Yeni Azərbaycan" qəzetində siyasi etikaya zidd yazılar dərc olunub", - bu haqda "Musavat.com" saytı məlumat verib. Cəmil Həsənlinin seçki qərargahının həmsədri Arif Hacılı faktları toplayıb, hüquqşünaslarla məsləhətləşdikdən sonra qəzeti məhkəməyə verəcəklərini bildirib. İddiaçı tərəf faktları açıqlasın "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Axar.az"a açıqlamasında rəhbəri olduğu qəzetdə Cəmil Həsənlinin təhqir edilməsi ilə bağlı ittihamlarına cavab verdi: "Yeni Azərbaycan" qəzeti heç vaxt siyasi etikadan kənar vasitələrə əl atmayıb. Mətnlə tanış olmamışam və bizi ittiham edən tərəf də ittihamını konkret əsaslandırmayıb. Ona görə də bir söz deyə bilmərəm. Yaxşı olar ki, iddiaçı tərəf ittihamın əsas mahiyyətini faktlarla açıqlasın". Bütün hallarda sağlam rəqabətin tərəfdarıyıq Hikmət Babaoğlu həmçinin son günlər "Azadlıq" və "Yeni Müsavat qəzetlərinin nəşrinin dayandırması yönündə yaranan təhlükəyə də münasibət bildirdi: "Bütün hallarda Azərbaycan mətbuatında sağlam rəqabətin olması yaxşıdır. Bu rəqabət Azərbaycan mətbuatının inkişafına xidmət edir. Və biz də həmin mətbuat nümunələri ilə sağlam dəyərlərə söykənib, rəqabət aparmağa hazırıq".
2013-11-12
1,534
Rusiya XİN sözçüsü "Axar.az"a danışdı - Qalmaqal
Xəbər verdiyimiz kimi, Rusiyanın Ermənistandaki səfiri İvan Volikin parlamentdəki çıxışında Dağlıq Qarabağın bir subyekt kimi Gömrük İttifaqına daxil olmasını mümkün saydığı və bu məsələdə Rusiyanın təminatını vəd etdiyi ilə bağlı erməni mətbuatı məlumat yayıb. Məsələ ilə bağlı Rusiyanın XİN-i ilə əlaqə saxladıq. Mətbuat Xidməti nümayəndəsi Nikolay Nikolayeviç Vinoqradov "Axar.az"a açıqlamasında bu açıqlama ilə bağlı hər hansı şərh verə bilməyəcəyini söylədi: "Əgər Ermənistan mətbuatı bu barədə məlumat yayırsa, onda bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volkinlə aydınlaşdırmaq lazımdır. Hesab edirəm ki, bu mövqeyi bildiribsə, deməli, o özü səbəblərini daha uyğun izah edə bilər".
2013-11-12
1,535
Səfər Əbiyevin sökülən mülkündən - Foto/Video
Z.Əliyeva-27 ünvanındakı tarixi binanın "böyürünə" tikilmiş geniş artırmanın söküntü yerindən fotosessiya etmək zərurəti yarandı. Çünki bu sökülən artırmanın keçmiş Müdafiə naziri Səfər Əbiyevə məxsus olduğu bildirilir. İş icraçıları "Axar.az"a danışmaqdan imtina etsələr də, söküntünün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını təsdiqlədilər. Səbəbini isə "qanunsuz" olması ilə əsaslandırdılar. Səfər Əbiyevin nazir vəzifəsindən uzaqlaşdırıldıqdan cəmi 20 gün sonra aşkara çıxan qanunsuz artırmasının söküntüsündən fotoları təqdim edirik.
2013-11-12
1,536
Erməni deputat rus əsgərlərinə qarşı çıxdı
"İrs" partiyasının deputat fraksiyasının üzvü Ruben Akopyan parlamentdəki çıxışında deyib ki, Ermənistan-Türkiyə sərhədində rus əsgərləri yox, erməni əsgərləri dayanmalıdır. "Novosti Armeniya"ya xəbər verir ki, o, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsinə də toxunub: "Biz rus əsgərinə necə deyə bilərik ki, sərhədimi qoru, türk sərhəd pozucularına atəş aç, amma biz iqtisadi baxımdan sizinlə deyil, Avropa ilə inteqrasiya edəcəyik? Ona görə də sərhədlərimizi öz vətəndaşlarımız qorumalıdır". R.Akopyan həmçinin bunları deyib: "Ermənistan bu və ya digər güc mərkəzi ilə əməkdaşlıq haqqında balanslaşdırılmış qərarlar qəbul etməli, milli maraqları onlara tabe etməməlidir".
2013-11-12
1,538
İlham Əliyev Cəmil Çiçəklə görüşdü - Foto
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edilib, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulanıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirilib. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edilib. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulanıb (Trend).
2013-11-12
1,539
Vergilər Nazirliyinin "Açıq qapı"sından keçdik
Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş vergi ödəyicilərinə xidmət mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Açıq qapı" günü keçirilib. "Axar.az" xəbər verir ki, "Açıq qapı" günündə iştirak edən KİV nümayəndələri mərkəzin inzibati binası, o cümlədən kameralarla təchiz edilmiş xidmət və təhlil otaqları ilə yaxından tanış olublar. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov mətbuat nümayəndələrinə mərkəzin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, vergi ödəyicilərinə xidmət mərkəzləri vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədi ilə yaradılır və vergi ödəyicilərinə göstərilən xidmətlər onların yaşayış və iş yerlərinə yaxın ərazilərdə təşkil olunur. Müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş xidmət mərkəzində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxmaq imkanı yaradılır. Eyni zamanda vergi bəyannamələri, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, məktub və ərizələrin çatdırılması və digər məsələlər üzrə də vətəndaşlara lazımi kömək göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir (AzərTac).
2013-11-12
1,540
Ərdoğandan şok açıqlama
Baş nazir Ərdoğan 37 ildir Türkiyədən uzaq düşən kürd sənətçi Şivan Pərvərin şənbə günü Diyarbəkirə gələrək İbrahim Tatlısəs ilə duet oxuyacağını deyib. "Axar.az"ın xəbərinə görə, Baş nazir Ərdoğan qrup yığıncağında etdiyi açıqlamasında Diyarbəkirdə şənbə günü açılışlar olacağını, İraq Kürd Regional rəhbərliyinin sədri Məsud Bərzaninin də bu mərasimdə iştirak edəcəyini xəbər verib. Xatırladaq ki, İbrahim Tatlısəs Şivan Pərvər ilə birlikdə ilk dəfə duet oxuyacaq.
2013-11-12
1,541
BMT İnsan Hüquqları Şurasına yeni üzvlər seçildi
Bu gün Nyu Yorkda BMT İnsan Hüquqları Şurasının növbəti iclası keçirilib. "Axar.az"ın xəbərinə görə, BMT İnsan Hüquqları Şurası İdarə Heyyətinə 3 illik müddətinə seçiləcək yeni üzvlər müəyyənləşib. Qeyd edək ki, buna qədər İdarə Heyəti Şurasının (İHŞ) 47 üzvü var idi. İdarə Heyəti Şurasına seçilən yeni üzvlər bunlardır: Makedoniya, İngiltərə, Vyetnam, Əlcəzair, Çin, Kuba, Fransa, Maldiv, Meksika, Mərakeş, Nambiya, Səudiyyə Ərəbistanı, Rusiya və Cənub Afrika Respublikası. Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları İdarə Heyəti Şurasına keçirilən səsvermədə Asiya qrupuna ayrılan 4 yer üçün Çin, Maldiv, Səudiyyə Ərəbistanı və Vyetnam, Şərqi Avropa qrupuna ayrılan 2 yer üçün Rusiya və Makedoniya, Qərbi Avropa və digər ölkələr qrupuna ayrılan 2 yer üçün Fransa və İngiltərə üzv seçilib.
2013-11-12
1,542
Günün görüntüləri fotolarla
Suriyada davam edən vətəndaş müharibəsi hələ də davam etdir. Bəşər Əsəd rejiminə bağlı qüvvələrlə müxalif qüvvələr arasında gedən müharibə günü-gündən daha böyük insan tələfatlarına səbəb olur. "Axar.az" Suriyada davam edən daxili savaşdan görüntüləri fotolarla təqdim edir.
2013-11-12
1,543
Ədliyyə naziri vətəndaş qəbulunun vaxtını dəyişdirdi
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən Xaçmazda vətəndaşların noyabrın 14-nə nəzərdə tutulan qəbulunun vaxtı əhalinin rahatlığı üçün noyabrın 16-na (şənbə gününə) keçirilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, həmin gün saat 12:30-dan etibarən Xaçmaz regional ədliyyə şöbəsinin yeni binasında keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
2013-11-12
1,544
Sirli şəhərlər
Arxeoloqlar apardığı araşdırma nəticəsində dünyanın 20 sirli ölkəsinin adını müəyyənedib. Belə ki, arxeoloqlar adı çəkilən 20 ölkənin bənzərsiz sirlərə sahib olduğunu bildirib. Bir çox sirləri ilə insanların diqqətini çəkən bu şəhərlər haqqında məlumatlar çox azdır. Dünyanın keçmişini özündə əks etdirən ölkələr sırasında ən sirli olanı isə Mayya siviliziasiyasının ən böyük şəhərlərindən biri olan Qvatemalanın Peten bölgəsində yerləşən Tikal şəhəridir.Tikal adının mənası isə mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" anlamına gəlir. Bu sırada ikinci yerdə Ktesifon şəhəri dayanır. Şəhər əvvəlcə Parfiyanın, sonra isə Sasanilər imperiyasının paytaxtı olub. Ərəblər şəhəri Mədaini Səvad adlandırırdılar. Bu söz bizim dilə tərcümədə "qara" mənasını verir. Zimbabve isə Afrikanın cənubunda yerləşən bir ölkədir. Ölkənin cənub qütbündə yerləşən Nidebele qəbiləsi uzun zamandır azsaylı insanların ziyarəti ilə kifayətlənməli olur. Tipik kənd ölkəsi olan Zimbabvedə 12 milyonluq əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayır. Bu siyahıda Pakistanın Mohenco-Daro şəhəri dəyer alır.Sirlərlə dolu olan bu şəhər Mohenco-Daro "Ölülər şəhəri" deməkdir. Benqladeş dünyanın ən kasıb ölkələri sırasında liderdir. Az inkişaf etmiş, amma sirlərlə dolu olan bu şəhərinəsas gəliri kənd təsərrüfatından əldə edilir. Bu ölkədə isə ən az ziyarət edilən şəhər Bagerhatdır. ABŞ-a aid olan Mesa Verde şəhərində ən çox ispanlar məskunlaşıb. Bu ad ispancaya tərcümədə "Yaşıl tablo" deməkdir. Sirli şəhərlər sırasına Hindistanın Vicayanqar, Türkiyənin Ani Efes, Misirin Teb, Tunusun Kartic, İranın Persepolis, Meksikanın Palenque, İtaliyanın Popei və Harcleniyum şəhərləri də aiddir. Qeyd edək ki, tərkedilmiş, sirli olan bu şəhərlərə çox az sayda ziyarətçilər gəlir. Hətta bəzən həmin şəhərlərdəyaşayan insanlardan başqa heç kəsə rast gəlmək mümkün olmur. Siyahıda İordaniyanın Petra, Kambocanın Angkor, Kolumbiyanın Perdida, Meksikanın Çiçən İtza şəhərləri də yer alır.Siyahıda ən sonuncu yerdə isə MonqolustanınXanadu şəhəri dayanır. "Axar.az" sizə sizlərlə dolu olan şəhərlərin fotolarını təqdim edir.
2013-11-13
1,545
Bal ayı keçirmək üçün ən gözəl yer
Kapadokya dünyanın bal ayı keçirmək üçün ən gözəl məkanı seçilib. Bu seçimi dünyanın ən böyük səyahət şirkəti "Lonely Planet" müəyyən edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, bölgə vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürmələrdən əmələ gəlib. Vulkanik püskürmələrdən yarandığı üçün yamaclar, qeyri-bərabər təpəliklər, qəribəliklər meydana gəlib. Sel sularının dik yamaclarda özünə yol açması, sərt qayaların çatlamasına və qopmasına səbəb olduğundan həmin yerdə maraqlı qayalıqlar yaranmağa başlayıb. Gözəl mənzərəyə sahib olan məkan həqiqətən də balayı üçün orijinal bir məkandır. Burada bal ayını keçirmək üçün gələn cütlüklər heç bir məhdudiyyət olmadan səyahətlərini unudulmaz edə bilərlər. Sizə həmin yerin əsrarəngiz fotolarını təqdim edirik.
2013-11-13
1,546
Əsəbləşmisənsə…
Müasir insanın əsəblərini idarə etməsi indi ən vacib məsələlərdən birinə çevrilib. Yaşadığımız dünya yaşayış üçün nə qədər rahat olsa da, indi stress və əsəb dövrün ən yayğın xəstəliklərindən birinə çevrilib. Bəs əsəblərimizə necə nəzarət edək? Məlumat üçün deyək ki, əsəbləri cilovlamaq üçün istifadə olunan vasitəyə "əsəb nəzarət sistemi" deyilir. Bəzən əsəbi olan insanlar özlərinə və ətrafına fikir vermədən insanların qəlbini qırır. Türkiyə mütəxəssisləri bildirirlər ki, insanlar əsəbi vaxtlarında özlərini sakit olmağa inandırmalıdırlar. Beləliklə, əsəblərinizi sakitləşdirmək üçün 6 qızıl qaydaya əməl edin. Dərindən nəfəs alıb özünüzü sakit olmağa inandırın. Düşüncələrinizi dəyişməyə çalışın. Tez-tez özünüzə "əsəb heç nəyi dəyişdirməyəcək" deməyə çalışın. Hər şeyi problem etməyin. Əgər etmisinizsə, problemin həlli haqqında düşünməyə çalışın. Əsəbi olarkən ağlınızda olan hər sözü deməyə çalışın, amma qarşınızdakı insanın sözünü də kəsməyin. Özünüzü müdafiə etməyə çalışmayın, çünki bu zaman əsəbləriniz daha da gərginləşə bilər. Əsəblərin sakitləşməsi üçün ən ideal vasitə cevrəni dəyişməkdir. Əgər hədsiz əsəbləşmisinizsə, bu zaman tək qalıb, musiqi dinləyin. Bəzi insanlar sizə xüsusi qıcıq verə bilər. Onlardan uzaq durmağa və onlarla qarşılaşmamağa çalışın. Atalar demişkən, "isti başda ağıl olmaz".
2013-11-13
1,547
Viaqranın xərçəngə yardımı hamını heyrətə gətirdi - Video
Meksikada yaşayan 10 yaşlı JozeSerano xərçəng xəstəsidir, boynundan sinə qəfəsinə qədər enən nəhəng bir şişlə yaşamaq uğrunda mübarizə aparır. Şiş böyük olduğuna görə həkimlər müdaxilə edə bilmir. Balaca Seranonun sağalma ümidi isə gözlənilməz bir dərmanda tapılıb. "Axar.az"ın "DailyMail"ə istinadən verdiyi xəbərə görə, Serano sağalması üçün Viaqradan istifadə edir. Cinsi fəaliyyəti artıran xüsusiyyətləri ilə dünyada məşhur olan dərman Seranonun boynundakı şişin kiçilməsinə səbəb olur. Həkimlər şiş normal ölçüyə çatanda tibbi müdaxilə etməyi planlaşdırırlar. Yenidən sağlamlığına qovuşacağı günü səbirsizliklə gözləyən Serano üçün isə vaxt çox vacibdir. Həkimlər şişin uşağın ciyərlərinə çatmamışdan əvvəl götürülməli olduğunu vurğulayıb.
2013-11-13
1,548
Saçlara aid xüsusi maska
Saçınızın daha sağlam və parlaq olması üçün dörd çay qaşığı limon suyunu yarım stəkan zeytun yağı ilə qarışdırın. Bu maskanı saçınıza çəkin və təxminən 15 dəqiqə saxladıqdan sonra yaxşıca yuyub qurudun. Bunu hər dəfə yumadan öncə təkrar edin. Nəticədə göz qamaşdıran parlaq və sağlam saçlara sahib olacaqsınız.
2013-11-12
1,549
Paytaxt zibilliyə döndü - Video
İspaniyanın paytaxtı Madriddə mindən artıq fəhlənin ixtisar edilməsi və maaşların 40% aşağı salınmasına etiraz edən 6 min təmizlik işçisi tətil elan edib. Bu etiraz aksiyası bir həftədir davam edir. Nəticədə paytaxt Madrid zibilliyə dönüb. Xatırladaq ki, keçən ilin aprel ayında İtaliyanın Paleromo və Napoli şəhərlərində bənzər hadisələr yaşanıb. "Axar.az" həmin görüntüləri təqdim edir.
2013-11-12
1,550
İlham Əliyev Davudoğlu ilə görüşdü - Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşüb. "Axar.az"ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulanıb. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
2013-11-12
1,551
Messi karyerasına son qoya bilər - Şok
"Barselona"nın ulduz futbolçusu Lionel Messi karyerasına son qoya bilər. 5 ildir ki, eyni zədə səbəbindən əziyyət çəkən Messinin karyerasını vaxtından öncə bitirə biləcəyi iddia olunub. "Axar.az"ın xəbərinə görə, bu mövsüm ilk dəfə hazırlıq prosesində zədələnən Messi ikinci dəfə Superkubok qarşılaşmasından sonra zədə alıb. Sentyabrın sonunda üçüncü dəfə meydanı yarımçıq tərk edən futbolçu bununla da üç matçda forma geyməyib. Həkimlər Messinin zədəsinin ciddi olduğunu bildirib. Kataloniya klubunun sabiq həkimlərindən biri Xordi Ardevol isə İspaniya mətbuatına açıqlamasında deyib ki, ötən mövsümün sonu zədələnən hücumçu həmin vaxt tamamilə sağalmadan yaşıl meydançaya qayıdıb. Bu isə onun yenidən eyni problemi yaşamasına səbəb olub: "Lionel Messinin zədələnməsinin günahkarı elə özüdür. Buna görə də o, tam hazır olmadan forma geyinməməlidir. Messi əvvəlcə sağalmalı, sonra hazırlıqlara başlamalıdır".
2013-11-12
1,552
İrina Bokova yenidən UNESCO-nun sədri seçildi
UNESCO-nun bu gün keçirilən ümumi konfransında İrina Bokova növbəti 4 il üçün yenidən sədr seçilib. "Axar.az"ın məlumatına görə, ilk dəfə bu vəzifəyə 15 noyabr 2009-cu il də seçilən Bokova idarə heyətinin 4 oktyabrda keçirdiyi yığıncaqda ikinci dəfə təşkilatın rəhbərliyinə namizəd irəli sürülmüşdü. Məlumat üçün qeyd edək ki, UNESCO 2011-ci ildə Fələstini üzv dövlət olaraq qəbul edəndən sonra seçkilərə qatılmayan ABŞ təşkilata etdiyi maddi yardımı kəsəcəyini açıqlamışdı. Təşkilatın büdcəsinin ¼-i ABŞ dövləti tərəfindən maliyyələşdiyi üçün bu, ciddi təzyiq sayılırdı. 61 yaşı olan İrina Bokova Bolqarıstanda doğulub, bolqar dilindən başqa ingilis, ispan, fransız və rus dillərini bilir.
2013-11-13
1,553
“Feysbuk” Altay Göyüşovun işdən çıxmasına səbəb oldu
Bu dəqiqələrdə sosial şəbəkədə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Altay Göyüşovun işdən çıxdığı barədə xəbər paylaşıldı. Xəbərdə A.Göyüşovun iş yerindən çıxarıldığı bildirilir. Altay Göyüşov özü isə "feysbuk" statusunda yazıb: "Bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. Səbəb isə Facebook:) Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır". Məlumat üçün bildirək ki, 1965-ci ildə Bakıda anadan olan Altay Göyüşov professor Rəşid Göyüşovun oğludur. A.Göyüşov Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, tarix elmləri doktorudur. 1989-cu ildən bu günə kimi Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim işləyib. 4 proqram, 1 metodik vəsait, 2 monoqrafiyanın müəllifidir. Xatırladaq ki, nə qədər qəribə də olsa, sosial şəbəkədə paylaşdığı statuslarına görə dünyanın bir çox ölkələrində insanlar işləri ilə vidalaşmağa məcbur olublar. Altay Göyüşovun isə hansı statusa görə işdən ayrıldığı barədə məlumat verilmir.
2013-11-13
1,554
Yunanıstan silkələndi
Bu gün Yunanıstanın paytaxtı Afinanın 116 kilometr şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib. "Axar.az"ın xəbərinə görə, aidiyyəti qurumlar baş verən zəlzələnin tələfatsız ötüşdüyünü bildirib. Zəlzələ Afina daxil olmaqla ətraf əyalətlərdə də hiss edildi. Xatırladaq ki, bundan əvvəldə Yunanıstanda daha 4,9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri Peleponnes yarımadasından cənubda, paytaxt Afinadan 185 km aralıda hiss edilmişdi.
2013-11-13
1,555
Gürcüstan ordusunda kütləvi zəhərlənmə
Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Osiauri hərbi bazasından (ölkənin şərqi) 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib. Fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb. İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, hadisə artıq işdən çıxarılmış aşpazın səhlənkarlığı ucbatından baş verib (Trend).
2013-11-13
1,556
Bonnda miqrantları işarələməyə başladılar
Almaniyanın dil institutu Ştaynke Bonn şəhərinin ziyarət üçün məsləhət görülməyən yerləri işarələnmiş xəritə hazırlayıb. "General-anzeiger-bonn" portalının verdiyi məlumata görə, müsəlman miqrantların yaşadığı yerlərin işarələndiyi Bonn xəritəsinin internetdə yayılması KİV-də böyük müzakirəyə və meriya tərəfindən narazılığa səbəb olub. Xəritə 6 il ərzində institutun əsasən Cənubi-Şərqi Asiya və Şərqi Avropadan gələn 250 xarici tələbənin soruşdurması əsasında hazırlanıb. İşarələnən rayonlarda oğurluq, qətl və hücumların yüksək statistikası müşahidə olunur. Daha öncə də portal şəhərdəki cinayətlərin 90 %-i miqrant kökənli cavanlar tərəfindən törədildiyini bildirmişdi.
2013-11-13
1,557
Rusiya Koreya ilə vizasız rejimə keçir
Vizasiz rejimin həyata keçməsi üçün Rusiya və Cənubi Koreya arasında bu gün iki prezidentin görüşü zamanı müqavilə imzalanacaq, lakin qüvvəyə minməsi yeni ildən sonra gözlənilir. Prezident Putin Cənubi Koreyada rəsmi səfərdədir. Əsas məsələ iki ölkə arasında vizanın qaldırılması haqda müqavilənin imzalanması olsa da, ölkə başçıları aktual beynəlxalq və regional məsələləri, nüvə problemini də müzakirə etməyi düşünür. Məsələni Rusiyanın "Ria Novosti" agentliyinə danışan Koreyanın Vladivostokdaki konsulu Kim İl Hvan bildirib ki, yeni sistemin tam tətbiqi üçün bir az zaman tələb olunacaq. Müqaviləyə əsasən hər iki ölkənin vətəndaşları digər ölkədə 60 gün ərzində vizasız hərəkət edə bilər. 180 gün ərzində isə digər ölkədə olmaq 90 günü aşmamalıdır. Kim İl Hvanın dediyinə görə, müqavilədə hər iki ölkənin ehtiyac olarsa, girişə qadağa qoyması və ya ölkədə qalma müddətini azaltması sərbəstdir.
2013-11-13
1,558
Ermənilər yenə atəş açdılar
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. "Axar.az"ın məlumatına görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2013-11-13
1,559
Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)
Şəms Təbrizi də bir qələndəri şeyxi idi və öz müridləri ilə birlikdə monqol ordusunun tərkibində Anadoluya gəlmişdi. Əlbəttə ki, Şəms və onun müridləri döyüşlərə kənardan durub tamaşa etməmişdilər, əksinə onlar da monqollarla birlikdə döyüşmüş və monqol ordusunun Anadolu torpaqlarında törətdiyi qırğınlarda aktiv iştirakçı olmuşdular. Monqollar Anadolunu tərk etdikdən, yəni Qeysəri qırğınından bir neçə ay sonra Şəms Təbrizi Konyaya gəlir və Cəlaləddin Rumi ilə görüşür. Mövləvi qaynaqlarında deyilənə görə, bu görüşdən sonra onlar xəlvətə çəkilmiş, təxminən üç il birlikdə yaşamış və bu müddət ərzində heç kimlə görüşməmişlər. Xəlvətə çəkildiklərinə görə, Mövlanə artıq mədrəsəyə də getmirmiş. Belə uzun müddət xəlvətdə qaldıqlarına görə, Mövlanə ilə Şəms arasında sevgi-məhəbbət münasibətlərinin olduğunu söyləyənlər də olub, amma onların arasında belə münasibətlərin olduğunu isbatlayan dəlillər olmadığndan nə bu fikirlərlə razılaşıram, nə də bu mövzuya toxunuram. Onu da qeyd etməliyəm ki, Şəms Təbrizi ilə görüşəndə təxminən 37-38 yaşlarında olan Mövlanənin həmin vaxta qədər şer yazdığı məlum deyil. Məhz Şəms Təbrizi ilə tanışlıqdan sonra Mövlanənin içində çox qüdrətli bir şair oyanır və o, şeir yazmağa başlayır. Buradan belə nəticəyə gəlmək olar ki, xəlvətə çəkildikləri müddətdə Mövlanə Şəms Təbrizidən bir çox şeyləri, o cümlədən qədim İran mədəniyyətini və şeir sənətini öyrənib. Beləliklə, Şəmslə görüşəndən sonra, Mövlanə şer yazmağa başalyır. Onun yazdığı şerləri oxuyanda Mövlanənin fitrətən şair və şeir yazmaqda çox böyük qabiliyyət sahibi olduğunu görürük. Bu, danılmazdır. Çox güman ki, "Məsnəvi"nin 1-ci dəftərini də Mövlanə xəlvətdə ikən Şəms Təbrizi ilə birlikdə yazıb. Məhz 1-ci dəftərdə bu iki şəxs öz fikirlərini, fəlsəfi-təsəvvüfi görüşlərini, hətta hüluliyyə anlayışını izah ediblər. Bu dəftərdə nə sosial, nə də tarixi hadisələrdən söhbət açılır, yalnız ideoloji məsələlərə toxunulur. Qələndərilərin bir çoxu kimi Şəms Təbrizi özü də "hüluliyyə" məzhəbinə mənsub idi. Məncə, bu məqamda "hülul" inancının nə olduğunu izah etməyə ehtiyac var. Məcusilərə görə, insan bol-bol riyazət (nəfsə qarşı çıxmaq, onun istədiklərini etməmək) və mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul (nüfuz) etməsinə nail olmaq mümkündür. Onların inancına görə, bu çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah söyləmiş olur. Burada qeyd etməliyəm ki, "hülul" anlayışı islama tərs bir inancdır və küfrdür. Cəlaləddin Rumunin оğlu Sultan Vələdin "Və­lədnamə" əsərindəki bir rəvayətə görə, Mövlanənın Şəm­sə оlan еşqi-məhəbbəti, Musanın Xızır pеyğəmbərə оlan m­əhəbbəti kimi idi, yəni Musa peyğəmbər özünün rəsulluq məqa­mı, "Kəlimullah" ləqəbi ilə yеnidən Tanrı bəndələrini ax­tardığı kimi, Mövlanə da özünün ağlı-kamalı, hörməti-izzəti оla-оla yе­nə də ağıl-kamal dalınca gəzir, özünə mürşid axtarırdı. Nəhayət ağıl-ka­mal və qеyrət timsalı оlan Şəmsəddini tapdı və оnun müridi оl­du. Başını оnun qədəmlərinə qоydu və оnun Nuruyla Nurlandı.
2013-11-13
1,561
Rusiyada zəlzələ oldu
Dünən axşamçağı Rusiyanın uzaq şərqində aktiv vulkanların olduğu Kamçatka bölgəsində 6.6 bal gücündə zəlzələ olub. Zəlzələnin yerli saatla 19:00-da baş verdiyi və heç kimin zərər görmədiyi bildirilir. Zəlzələ baş verən ərazidə ziyan görmüş bina və ya yaşayış evinin olub-olmadığı araşdırılır. Sunami olacaq? Rusiya Elmlər Akademiyası bölgədə hər hansı bir sunami xəbərdarlığı etməyib. Kamçatka bölgəsində tez-tez baş verən zəlzələlər 6 baldan yüksək olanda 160 kilometr uzaqlıqda yerləşən yaşayış yerlərində hiss olunur.
2013-11-13
1,562
Günün afişası - SƏNƏT
Bu günlər teatrların salonları yəqin ki, dolu olacaq. Çünki məktəblilərin payız tətilidir. Uşaqların ən yaxşı mədəni istirahəti üçün kino və teatrlara getmək ən yaxşı vasitələrdən biridir. Ümumiyyətlə, müasir dünyamızı kino və teatrsız təsəvvür etmək mümkün deyil. Günümüzdə sənətin bu sahələri insanın ən təməl tələblərindən birinə çevrilib. Bunu nəzərə alaraq bu gündən saytımızda kinoteatrlarımız və teatrlarımızın afişasını təqdim edəcəyik. TEATR Bu gün - 15:00 Əlibaba və qırx quldur" tamaşası - Gənc Tamaşaçılar Teatrı Bu gün - 12:00 "Danışmaq istəyirəm" tamaşası - Gənc Tamaşaçılar Teatrı. bilet: 4 AZN "Xanım və Xuliqan" və "Bolero" baletləri Bu gün - 19:00 Opera və Balet Teatrı bilet: 11, 13, 16 AZN KİNO Romeo və Cülyetta Park Cinema, Park Cinema Metropark Toy əhvalatı Park Cinema, Park Cinema (Metropark) Beşinci hakimiyyət 28 Cinema Benimle oynarmısın Park Cinema (Metropark) Uyğunluq əlamətlərinə görə 28 Cinema Toydan reportaj 28 Cinema Türk dilini yeni öyrənənlər üçün 28 Cinema Neva Park Cinema (Metropark) Buludludur, yağıntı ehtimalı var 2: GMO-in qisası 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) İlin tələbəsi 28 Cinema Vay basima gələnlər Park Cinema (Metropark) Məryam Park Cinema (Metropark) Tor 2: Zülmət səltənəti 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) Adelin həyatı Park Cinema, Park Cinema (Metropark) Rasputin Park Cinema, Park Cinema (Metropark) Əsirlər Park Cinema (Metropark) Mahmud və Məryəm "Nizami" kinoteatrı SƏRGİLƏR "Zavod" sərgisi 05 oktyabr - 15 noyabr (pulsuz) Olimpia Skarrinin sərgisi 21 sentyabr - 30 noyabr Gazelli Art House "Hype" sərgisi 07 noyabr - 07 dekabr Kichik QalArt Gallery SİRK "Heyvanların şahı-2" sirk tamaşaları 25 oktyabr - 17 noyabr , 12:00, 15:00, 19:00 Bakı Dövlət Sirki bilet: 6, 8, 10 AZN
2013-11-13
1,563
Aydın Mirzəzadə: Yaxşı ki, Hüseynbala Mirələmov var…
Kim bilir, bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim Millət vəkili, politoloq Aydın Mirzəzadə ilə müsahibə üçün vədələşəndə Azərbaycanda olmadığını dedi. Söz verdi ki, Bakıya qayıdan kimi əlaqə saxlayacaq. Həm də razılaşdıq ki, çalışıb bir qədər siyasətdən uzaq söhbət edəcəyik. Bu mənim üçün də sərfəli idi, Aydın bəyi "Gerçəkləşməyən arzular" lahiyəsinə "qonaq" edəcəkdim. Aydın bəy də çox güman ki, siyasi şərhçiliyin və aktiv siyasətdə olmanın "yorğunluğunu" unudacaqdı. Şənbə günü çay evlərindən birinin sakit və səliqəli otağında "Axar.az"ın dəyərli oxucularının oxuyacağı bu söhbət isə deyəsən heç də siyasətdən uzaq olmadı. - Gəlin, başdan başlayaq, yeniyetmə, 15-16 yaşlı Aydından danışaq. Heç düşünürdünüzmü nə vaxtsa Milli Məclisdə xalqı təmsil edəcəksiniz? - Böyüdüym ailə çox zəhmətkeş ailə olub, elmə həmişə önəm verilib. Mən ali məktəbə daxil olanda artıq bir ali məktəbi bitirmişdim. Atamın üniversitetini, həyat məktəbini deyirəm. Atam bizi həmişə mədəniyyətə, tarixə, insanlığa, müasirliyə, inkişafa istiqamətləndirib. Ailəmizdə olan bu mühit mənim ziyalı kimi yetişməyimə münbit şərait yaratdı. Heç zaman düşnməzdim ki, təmsillik mövqelərində olaram. Amma yaşadığım mühitin məni ziyalı kimi yetişdirəcəyinə əmin idim. Çoxlu kitablar oxuyurudm. Bu kitabların, yiyələndiyim təhsilin axarının məni hara aparacağını bilmirdim. Amma bilirdim ki, mən ailəmə, atama, onun tövsiyyələrinə layiq olacağam. Deputat olmağım və parlamentdə xalqı təmsil etməyim, xarici dövlətlərə ölkəmin nümayəndəsi olaraq etdiyim səfərlər isə mənim taleyimdir. Bizi yönləndirməyiblər - Valideyinlərinizin sizinlə bağlı olan arzuları çin olubmu? Bu günkü durumunuz, millət vəkili olmanız bəllidir ki, o arzuların gerçəkləşməsi kimi düşünülə bilər. Amma həqiqəti Siz bilirsiz o arzularla bağlı... - Ailədə altı uşaq böyümüşük. Bizi hansı sənəti seçmək məsələsində yönləndirməyiblər. Birinci sinfə gedəndə gördüm ki, oxumaq çox maraqlıdır. Orta məktəbi bitirdikdən sonra hər hansı ali məktəbə qəbul olunmağım qarşıma məqsəd kimi qoyulmamışdı. Məqsəd savadlanmaq, elm sahibi olmaq idi. Valideyinlərimiz bizə sərbəstlik vermişdi. Arzuya qaldıqda isə hər bir valideyinin arzusudur övladı sağlam böyüsün, ixtisasa yiyələnsin, möhkəm ailəsi olsun. Bu baxımdan demək olar ki, valideyinlərimin arzuları gerçəkləşib. Atam 60-cı illərdə latın qrafikalı əlifba yaratmışdı - Məktəb vaxtı hamının arzuları var idi. Bəs siz özünüzü hansı yolun yolçusu kimi görürdüz? Kim idi idealınız, kimə oxşamaq istəmisiz? - 9-cu sinfə qədər hüquqşünas olmaq istəmişəm. Heç bilmirəm nəyə görə. Ailəmizdə də, nəslimizdə də hüquqşünas yox idi. Daha sonra isə mühəndisliyə marağım artdı. Ola bilsin ki, mən böyük bir sənaye şəhəri olan Mingəçevirdə doğulub böyümüşdüm və hər il orada yeni-yeni sənaye ocaqları tikilirdi. Buna görə də mühəndis olmaq istəyi mənim arzularımı hüquqşünas olmaqdan çəkindirdi. Atama oxşamağa çalışmışam. O, zəhmətkeş, ailəcanlı idi və ətrafın ona həmişə hörmət etdiyini görmüşəm. Onun kimi olmaq istəmişəm. Atam şairdir - el şairi. Atam ötən əsrin 60-cı illərində özü üçün Azərbaycan dilinin latın qrafikası üzərində əlifbasnı yaratmışdı. Öz şeirlərini həmişə bu əlifba ilə yazırdı. Heydər Əliyevə oxşamağa çalışmışam - Necə qorumuşdu o əlifbanı? Axı o dövr çətin idi... - Bilmirəm. Bəlkə də özünü qoruma mexanizmi düşünmüşdü. Amma qoruyub saxlamışdı. O, milli adamdır. 1956-cı ildə Mirzə İbrahimov Ali Sovetin sədri olanda Azərbaycan dilinin dövlət dili olması haqda qərar qəbul olunmuşdu. Atam o zaman Mingəçevir Su Elektrik stansiyasında növbə mühəndisi işləyirmiş. Həmin qərar qəzetdə dərc olunan gün bütün növbə jurnallarını Azərbaycan dilində doldurub, yazışmaları öz ana dilimizdə aparıb. 3 gün DTK-nın əməkdaşları tərəfindən sorğu-sual olunub ki, sən hansı millətçi təşkilatın üzvüsən ki, jurnalı rus dulində deyil, Azərbaycan dilində yazmısan? Atam deyəndə ki, belə qərar var, deyiblər, o qərar boş şeydir. Eyni zamanda da Heydər Əliyevə oxşamaq istəmişəm. 1969-cı ildə Heydər Əliyev ölkənin rəhbəri seçildi. O zaman mənim 12 yaşım var idi. Bir dəfə atamla əmim söhbət edəndə eşitdim ki, əmim atama deyir, respublikanın birinci katibi cavandır. Görən necə işləyəcək? Evimizdə həmişə müzakirələr gedirdi. Mənim fikrimdə artıq Heydər Əliyev müsbət şəxs kimi formalaşmışdı. Heydər Əliyevi isə iilk dəfə1975-ci ildə birinci kursda oxuyanda görmüşdüm. Bakıda kondisioner zavodunun açılışı idi. Biz tələbələri də aparmışdılar. Tribunaya yaxın durmuşdum. Üzündəki ləyaqət və liderlik diqqətimi cəlb etdi. İki romanım, 50-dən çox hekayəm var - Aydın müəllim, Sizi həm də ədəbiyyat adamı söyləyirlər. Amma nədənsə yazılarınız dərc etdirmirsiniz. - Müəyyən qədər yaradıcılığım olub. İki romanım, 50-dən çox hekayəm var. Bəzilərini dərc etdirmişəm. Ciddi siyasətlə məşğul olduğum üçün yaradıcılığımı saxlamışam. Çap olunmamış Qarabağ mövzusunda romanım var. Bilirsiz, mənə elə gəlir ki, adam ancaq bir işlə məşğul omalı və onu mükəmməl yerinə yetirməlidir. Düşünürəm ki, cəmiyyətə iki Aydın Mirzəzadə təqdim etmək düzgün olmazdı. Yaradıcılıq işi böyük məsuliyyət tələb edir. Bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim - Bəs mütaliə ilə aranız necədir? - Çexovun hekayələrini xoşlayıram. Cəlil Məmmədquluzadənin, Haqverdiyevin əsərlərini sevə-sevə oxumuşam. Klassiklərimizi, dünya ədəbiyyatını oxumaqdan yorulmuram. Kim bilir, bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim. Elə mənim hekayələrim Cəlil Məmmədquluzadə tərzindədir. Çap olunmamış Qarabağ mövzusunda romanım var. Məndən yaxşı ssenarist olardı. Bəzən avtomobillə səfərə çıxanda beynimdə bir ssenari yazılır. Hiss edirəm ki, mən daha nələrisə edə bilərdim. Beynimdə müəyyən bir model yaranır. Bu fikirləri sanki yaddaşımın arxivinə atıram. Düzdür, yazılarımı dərc etdirmirəm. Bilirsiz, mənə elə gəlir ki, adam bir işlə məşğul olar və həmin işi mükəmməl yerinə yetirər. Düşünürəm ki, cəmiyyətə iki Aydın Mirzəzadə təqdim etmək bəlkə düzgün olmazdı. Siyasi şərhçi, politoloq, millət vəkili və yazıçı Aydın Mirzəzadə. Yaradıcılıq işi daha məsuliyyətli olmalıdır. Yaxşı ki, Hüseynbala Mirələmov var - Düşünürsüz ki, siz politoq kimi, siyasətçi kimi millətin yaddaşında daha çox qala bilərsiz, nəinki yazıçı kimi? - Mən artıq siyasətçi kimi beş kitab müəllifiyəm. Axrıncı "Qarabağ düyünü" kitabımdır. Bir neçə dilə tərcümə olunub və xaricdə dərci gözlənilir. Gələcəkdə yazacağım başqa siyasi kitablar da olacaq. Amma bədii yaradıcılığa gəldikdə çox təəssüf ki, bu gün bədii yaradıcılıqla məşğul olmaq istəyən gənclərimiz çox azdı. Və bunun nəticəsidi ki, bu gün bizim dramaturqlarımız, uşaq şairlərimiz yoxdu. Mən bir söz demirəm, cavanlarımızdan kimsə nəsə yaza bilər, amma mən ədəbiyyatımızda böyük bir boşluq görürəm. Hərdən fikirləşirəm ki 21-ci əsr Azərbaycan ədəbiyyatında kimlərlə yadda qalacaq? Hansı əsəri, hansı romanıyla, hansı belə səs salan yaradıcılığıyla. Yaxşı ki, Hüseynbala Mirələmov var. Gənc şairlərin hansısa şeirləri sensasiyaya çevrilə bilər, düşündürə bilər. Mən təəssüf ki, oları görə bilmirəm. Sevimli aktirisamız Həmidə Ömərovanın gözəl hekayə yaradıcılığı var. Niyə o indi yazmır, mənim üçün çox təəccüblüdü. Bəlkə o da mənim kimi fikirləşır ki, elə aktirisa kimi tanındı, kifayətdi. Aydın bəy gənc ədəbi nəsli izləmir - Gənclərdən söhbət açdıq. Siz iki nəfərin adin çəkdiz və bunların heç biri gənc ədəbi nəslə məxsus deyil. Qorxmursuz ki, oxucuda bu təəssürat yarana bilər, Aydın bəy gənc ədəbi nəsli izləmir? - Əgər hörmətli oxucu bu qənaətə gələrsə, bəlkə də onun dediyində həqiqət var. Mən onlarla mübahisə eləmək istəmərəm. Amma mənim nəzərimdə yaradıcı insan o insandır ki, hətta bu sahə ilə maraqlanmayan insanın belə yaddaşını vaxtaşırı döyür. Bəxtiyar Vahabzadəni ədəbiyyatla maraqlanmayan insana tanıtmağa ehtiyac var idimi? Bəlkə Səməd Vurğunu, İlyas Əfəndiyevi tanıtmağa ehtiyac var? Və yaxud da ki, Hüseynbala Mirələmovu götürək, həm muhəndisdi, həm siyasi xadimdi, həm də yazar. Onu oxucuya tanıtmağa nə ehtiyac? Məsələn, gözəl bir şairimiz var, Musa Urud. Mən ona deyirəm ki, Musa, cox təəssüf ki, sən deputat olmusan. Sən axı gözəl bir şair ola bilərdin. Bura sərf elədiyin vaxta Azərbaycan ədəbiyyatını zənginləşdirə bilərdin. - Birdən o da sizə adekvat cavab verərdi. Deyərdi ki, Aydın müəllim, siz də gözəl bir mühəndis ola bilərdiz. Bu gün şəhərimiz demək olar ki, yenidən tikilir, niyə gəldiz deputat olduz, siyasətlə məşğul oldunuz... - O bunu demədi. Mən bir söz demirəm. Onun haqqı var idi deməyə. Hərdən maraqli bir şeirə, yaxud hekayəyə təsadüf edirəm. Oxuyuram, bəyənirəm. Görünür, istedadlı yazmaq da azdı. Gərək sözünü cəmiyyətə çatdırmağa da enerjin, bacarığın çata. Kim fikirləşirsə ki, mən yazıram və cəmiyyət bunu tanımağa və oxumaqa məcburdu, fikirləşirəm ki, səhvə yol verirlər. Şekspir pyeslərini özü yazmayıb - Aydın müəllim, bəzi yazarlarımız, xüsusən də gənclərimiz belə bir ifadə işlədir. "Mənim on nəfər intelektual oxucum olsa, bəsidir. On nəfər üçün yazım kütlə üçün yazmayım". Bəziləri isə hətta o iddiadadır ki, Hüseynbala müəllim əsərlərin özu yazmır, kimlərəsə yazdırır? - Maraqli bir paralel gətimək istəyirəm. İndiyənə qədər mubahisə gedir ki, Şekspir pyeslərini heç də özü yazmayıb. Amma bu dedi-qodularla yanaşı Şekspir bu gün dünya ədəbiyyat tarixindədir. Əgər Hüseynbala Mirələmovu bunda ittiham edirlərsə, yanılırlar. Hüseynbala Mirələmov ədəbiyyata həmin əsərləri ilə özünəməxsus töhfələr verir. Dramatrugiyadakı boşluğu doldurur. - Siz gəncləri yox, daha çox orta və yaşlı nəsl yazarların adını çəkdiz. Bəlkə doğurdan da sizin vaxtınız yoxdur gənc yazarları oxumağa. Parlamentdə təmsil olunan yazıçı və şairlər sizə kitablarını təqdim edir, ancaq vaxt tapıb onları izləyə bilirsizmi? - Dediyiniz faktorlar əlbəttə ki, var. Şübhəsiz, mənim tanışım olan yazarlar kitablarını birinci mənə təqdim etməkləri onları daha yaxından tanımağıma kömək edir. Amma bayaq mən sizə dedim heç vaxt gənc yazar fikirləşməsin ki, mən istedadlıyam, mənə mütləq şərait yaratmalıdırlar ki tanınım. Yaxşı əsər onsuz da müəllifini tanıdacaq, bunun geci-tezi var.Amma istedadla yanaşı yazarın içərisində bir enerji də olmalıdır. Onu qabaqa aparan, onu tanıtdıran və s. - Aydın müəllim, sizinlə söhbətdən belə başa düşdüm ki ədəbiyyatımızda boşluq var. - Mən bir az başqa cür baxıram. Mən deyərdim ki, boşluq görünür, "boşluq var", yox. Bəlkə Aydın Mirzəzadənin oxumadığı, tanımadığı, fikir vermədiyi istedadlı yazarlar var. Sabah kimsə bu musahibəni oxuyandan sonra mənə etiraz edə bilər ki, sən filan kitabi oxumamısan, filan əsərdən xəbərin yoxdur. Mən məmnuniyyətlə onu dinləyərəm və razılaşaram. Amma mən yenə də demək istəyirəm ki, istedad hətta o sahəylə maraqlanmayanın belə qafasını vaxtaşırı döyür, onu həmin diqqətə gətirib çıxardır… "Qanun" nəşriyyatı ədəbiyyata xidmət edir - Şəhərlərimizdə yeni binalar tikilir, körpülər, gözəl yollar çəkilir, hər şey yaxşılığa doğru gedir. Amma nədənsə kitab mağazalarımız banklara, kommersiya obyektlərinə, marketlərə, hətta saunaya çevrilir. Bir qrup iş adamı elə bil, başqa yerləri yox, ancaq kitab mağazalarını zəbt edir. - Şübhəsiz bu problemi görürəm və bu məsələlərə ürək ağrısı ilə yanaşıram. Mərkəzdə heç olmasa bir-neçə kitab mağazası qalıb. O da, belə deyək, bu işə həddən artıq bağlı olanların, yaxud da ki bir kommersiya növü kimi qalıb. "Əli və Nino" kitab mağazası var. "Qanun" nəşriyyatı var, kitab nəşri ilə məşğul olur. Düzdür, onların da biznes maraqları var, amma kitaba, ədəbiyyata xidmət edirlər. Düşünürəm ki, formatlar dəyişməlidir, baxmayaraq ki, həmin o yeni format çox gec gəlir, amma arzu edək ki, bu olacaq. - Sizin fikirinizcə bu nə zaman olacaq ? - Zaman problemi yaratdığı kimi, özü də həll edəcək.
2013-11-13
1,564
Zakir Həsənov yenə kadr dəyişikliyi etdi
Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində çalışan polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilib. Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib. "Axar.az" xəbər verir ki, bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi. Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev də tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin olunub. R.Abuzərov C.Naxçıvanski adına Hərbi Litseydə xidmət keçib. O, HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfayel Rzayevin Binə Aeroportunda köməkçisi işləyib. Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o, sərəncama göndərilib. R.Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi. Qeyd edək ki, ondan əvvəl isə bu idarəyə general-leytenant Talıb Məmmədov rəhbərlik edib (Aznews.az).
2013-11-13
1,565
BDU təkzib etdi: “Altay Göyüşov işdən çıxmayıb” - Yeniləndi
Dosent Altay Göyüşov "feysbuk" profilində müəllim işlədiyi Bakı Dövlət Universitetindən (BDU) çıxarıldığı haqda status yazıb. Altay Göyüşov BDU-dan uzaqlaşdırılmasına səbəbinin "feysbuk"da yazdığı statuslarla bağlı olduğunu qeyd edib. Mətbuat xidməti xidmət göstərmir BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təlimdə olduğunu əsas gətirərək, Altay Göyüşovun universitetdən xaric edilməsi haqda "Axar.az"ın sualını cavablandırmaqdan imtina etdi. Xatırladaq ki, P.İbrahimova artıq davamlı olaraq mətbuatdan yayınmağa başlayıb və hər dəfə bir yerdə olduğunu bəhanə gətirməklə məşğuldur. Universitet təkzib edir Tarix fakültəsinin dekanı Azad Rzayev bu haqda heç bir suala cavab verə bilməyəcəyini söylədi. Sosial məsələlər üzrə prorektorluğunun əməkdaşı Əhməd Əhmədov isə yayılan xəbərlərin yanlış olduğunu söylədi və Altay Göyüşovun Universitetdən çıxarılmadığını bildirdi: "Altay Göyüşovun BDU-dan ayrılması haqda xəbərlər yanlışdır. Universitet rəhbərliyinin onun universitetdən ayrılması haqda heç bir qərarı yoxdur. Onun "feysbuk" statusunda nə yazdığını bilmirəm, amma onu dəqiq bilirəm ki, Altay Göyüşov universitetdən çıxarılmayıb". *** Abel Məhərrəmov: "Altay Göyüşov işə gəlmirdi" "Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da, onun məsələsinə universitetin aidiyyəti qurumlarında baxılır". Bu sözləri isə noyabrın 13-də jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov deyib. Rektorun sözlərinə görə, Altay Göyüşov hazırda universitetin dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisidir: "BDU bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə göndərmişdik ki, oradakı təhsil təcrübəsini gəlib burada tətbiq etsin. Qayıdandan sonra ondan səmərəli istifadə etmək məqsədilə ona İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər universitetin dosenti vəzifəsi verildi. O, İslam Araşdırmalar Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant layihələri gətirməli idi. Amma nə aylarla işə çıxdı, nə də layihə gətirdi. Onda belə fikir formalaşıb ki, aylarla işə gəlməmək, layihə gətirməmək də olar. Yəqin o, Amerikaya ailəsinin yanına qayıtmaq istəyir və bu yolla spekulyasiya edərək müəyyən dairələrdən dəstək almaq istəyir. Guya ki, onu burada sıxışdırırlar və işləməyə imkan vermirlər. Onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək. Amma o, bu günədək universitetin işçisi olaraq qalır. Bütün bunlara ancaq araşdırmaların yekunu olaraq qərar veriləcək. Ola bilsin, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarlıq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan narahat olaraq "feysbuk"da yazıb ki, ondan işdən çıxmaq üçün ərizə tələb edirlər". Rektor əlavə edib ki, Altay Göyüşovla bağlı işdə heç bir siyasi çalar yoxdur.
2013-11-13
1,566
Yunanıstanla Türkiyə savaş həddinə gəldi
Türkiyənin Muğla şəhərinə bağlı Gümüşlük ərazisindən 4.5 mil uzaqda yerləşən Kardak qayalıqları və 2 mil uzaqda yerləşən Çavuş adası arasındakı bölgədə türk balıqçı gəmilərinə Yunanıstana aid Leros və Kilimli (Kalimnos) adalarından gələn yunan sahil təhlükəsizlik qayıqları tərəfindən hücum edilib. Bəzi balıqçılar Gümüşlük və Turqutrəis limanlarına geri qayıdıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yunan sahil təhlükəsizlik qayıqları bir müddət sonra beynəlxalq sularda üzən türk yük gəmilərinə hücum etməyə başlayıb. Bundan sonra İmsık hərbi aeroportundan qalxan TSK-ya aid 5 helikopter bölgəyə gələrək yunan sahil təhlükəsizlik qayıqlarının üzərində uçmağa başlayıb. Yunan sahil təhlükəsizlik qayıqları da Kilimli adasının qarşısına keçib. TSK-yə aid helikopterlər də geri qayıdıb. Yunan təhlükəsizlik qayıqlarıyla bərabər Leros adasından gələn bir döyüş gəmisi də beynəlxalq sularda üzən türk yük gəmilərinə hücumu davam etdirib.
2013-11-13
1,567
Suriyadakı kimyəvi qətliamın səbəbkarı Almaniya çıxdı
İddialara görə, Almaniya 2011-ci ilə qədər sivil və hərbi məqsədləri üçün Suriyaya kimyəvi maddə satışına izn verib. Almaniyanın birinci kanalı "ARD"nin saytında yayımlanan xəbərə görə, Almaniya hökuməti Suriyaya kimyəvi maddə ixracına izn verməklə kimyəvi silahlar mövzusunda imzaladığı beynəlxalq müqaviləni pozmuş olub. İqtisadi Nazirliyinə aid sənəd "ARD" xəbərində Federal İqtisad Nazirliyinə aid məxfi qrifli bir sənədə istinad edib. Sənədə görə, Almaniya 2002, 2003, 2004, 2006, 2007 və 2010-cu illərdə əməkdaş ölkələrin ixraclara izn vermədiyindən xəbərdar idi. Ancaq Almaniya hökuməti bu xəbərdarlığı ciddiyə almayıb.
2013-11-13
1,568
Canlı efirdə cinayət etirafı: polis dərhal hərəkətə keçdi – Video
Canlı efirdə cinayət etirafı: polis dərhal hərəkətə keçdi – Video "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ATV" kanalında efirə gedən "Müge Anlı ilə tatlı sert" adlı verilişdə televiziyada inanılmaz olay yaşanıb. Təxminən 2 həftədir həmin verilişdə bir cinayət məsələsi müzakirə edilib və dünən bütün hadisələr üzə çıxıb. Məlum olub ki, Sevda adlı bir qadın ərini başqa iki nəfərlə aldadıb. Qadın onlarla "feysbuk"da tanış olub. Daha sonra hansısa səbəbdən mübahisələr yaranıb və nəticədə qadın birinci segilisi Həsənlə ikinci sevgilisi Mədəti görüşdürüb. Bu zaman Həsən əlindəki taxta ilə Mədətin boyun nahiyəsindən vurub və onu öldürüb. Qadının bu etiraflarından sonra polis studiyaya gəlib və Həsəni həbs edib. Qadın da ifadə vermək üçün bölməyə aparılıb.
2013-11-13
1,569
Tina Törner ABŞ vətəndaşlığından imtina etdi
Əfsanəvi müğənni Tina Törner ABŞ vətəndaşlığından imtina edib. "Axar.az"ın "Vaşinqton Post" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə informasiya İsveçrədəki səfirlikdən verilib. Artıq səhnə ilə vidalaşmış müğənni 1995-ci ildən İsveçrədə məskunlaşıb. Uzun müddət özünə müəllim tutub alman dilini öyrənən Törner 2013-cü ilin aprelində İsveçrə pasportu ala bilib. Bunun üçün müğənni hətta bu ilin yay ayında alman prodüsser Ervin Baxla da nikaha girib.
2013-11-13
1,570
Oktyabrda bahalaşan məhsullar – Statistika
2013-cü ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0 faiz aşağı düşüb. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, 2013-cü ilin oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0 faiz, metal filizlərinin hasilatı üzrə 0,6 faiz ucuzlaşıb. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,6 faiz bahalaşma müşahidə edilib. Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, kağız və karton istehsalı üzrə 2,0 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil və qoşquların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, tütün məmulatlarının istehsalı üzrə 10,0 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, içki istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb.
2013-11-13
1,572
Dağlıq Qarabağ problemi o zaman həll olacaq ki...
"Ermənistanda ən kiçik piket və aksiyalarda belə provokatorların sayı adi normal insanların sayı ilə müqayisədə iki dəfə çox olur" Tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan öz soydaşları arasında nadir şəxslərdəndir ki, Dağlıq Qarabağın Azərbaycanın torpağı olduğunu açıq-aşkar etiraf edir. Məhz son zamanlar baş vermiş hadisələr, ümumiyyətlə, Ermənistandakı vəziyyətlə bağlı onun fikirlərini öyrəndik. "Qaraparak" qəzeti Rusiya Federasiyasının Ermənistandakı səfirinin parlament qarşısında çıxışı zamanı Dağlıq Qarabağ məhsullarının maneəsiz Gömrük İttifaqına daxil olacağını bildirib. Bununla da Qarabağın Gömrük İttifaqının bir parçası olacağını söyləyib. Bu, nə dərəcədə realdır? - Putin Rusiyasının siyasəti provokasiya və şantaj üzərində qurulub. Əgər oyun qaydasız oynanılırsa, o zaman nəyin real, nəyinsə qeyri-real olduğunu söyləmək çox çətindir. Bu, istənilən halda Qarabağda yaşayan insanların problemlərini həll etməyəcək. Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündən hansı gözləntiləriniz var? - Heç bir şey. Necə düşünürsünüz, Dağlıq Qarabağ konfliktinin həlli nədən asılıdır? - Problem Putin rejiminin Cənubi Qafqaz regionundan gedişi ilə həll olunacaq. Bu rejimdən xilas olmağa kömək edəcək ən kiçik addım belə Qarabağ konfliktinin həlli üçün irəliyə doğru atılmış addım olar. Konfliktin həll modelini necə görürsünüz? - Bu, çox çətin sualdır. Konfliktin həlli tarixin gedişindən asılıdır. Hazırda təbii olaraq Qarabağın kimə aid olması, onun statusu ilə bağlı sualların önəmi artır. Tarix göstərir ki, bütün ərazi münaqişələrinin həllinin tərəflər üçün hətta bir neçə məntiqi həll variantı var. Təəssüf ki, nə hökumətlərin, nə də ki, dünya ictimaiyyətinin konfliktin həllində heç bir marağı yoxdur. Bizim xalqların daxilində nə isə dəyişməlidir. Gərək daxildə yeni proses, mədəni inqilab, beyinlərin inqilabı başlasın. Putin və onun rejimi mütləq Qafqazdan getməlidir. Ümumiyyətlə, onlar Rusiyadan getsələr, daha əla olar. Son zamanlar yenidən Ermənistan Türkiyə sərhədlərinin açılması fikirləri gündəmə gəlib. Sizcə bu, Ermənistanın inkişafına nə dərəcədə kömək edəcək? - Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün vacib məsələlərdəndir. Lakin hər şeydən əvvəl sosial-mədəni sferada əlaqələrin güclənməsi daha çox önəm kəsb edir. Mən erməni bazarının assimilyasiyası və ələ keçirilməsi haqqında ənənəvi söyləntiləri nəzərdə tutmuram. Nəzərdə tutduğum odur ki, Türkiyə ilə tam qonşuluq Ermənistan üçün sadəcə, azad nəfəs almaq deməkdir. Bu, həmçinin, Putin rejimindən azad olmaq üçün növbəti addım olacaq. Hazırda Ermənistanda yaşayan ermənilər Qarabağ konfliktinin həlli ilə bağlı nə düşünürlər? - Ermənistanda yaşayan insanlar Qarabağ konflikti ilə bağlı heç bir şey fikirləşmirlər. Düşünmək onların nəyinə lazımdır? Əsəblərini korlayıb depressiyaya düşmək üçünmü? Ermənistandakı siyasi sistemə xalqın böyük etirazı olduğu sizin medianızdan da görünür. Sizcə, hakimiyyətlə xalq arasında davam edən bu mübarizə nə ilə bitəcək? - Xalq sistemə yox, Ermənistan hakimiyyətində təmsil olunan şəxslərə nifrət edir. Xalq onların ağılsızlığına, qəddarlığına, ədalətsizliyinə, riyakarlığına nifrət edir. Amma hökumətlə mübarizə yoxdur. Mafiyanın bütün resursları və Putinin təmsilçiləri bu mübarizənin başlamaması üçün çalışırlar. Siyasi mərtəbədən danışmıram, orada rejimi dəstəkləmək üçün hər kəsin öz rolu var. Hazırda Ermənistanda ən kiçik piket və aksiyalarda belə provokatorların sayı adi normal insanların sayı ilə müqayisədə iki dəfə çox olur. İnsanları şantaj edir və yaxud nəyəsə məcbur edirlər. Bunların hamısının təhlükəsizlik işçilərinin nəzarəti altında keçirilməsi isə reallıqdır.
2013-11-13
1,573
Qarabağın “tanınması” Ermənistanı qarışdırdı
Ermənistan Respublika Partiyası Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi ilə bağlı qanun layihəsinin səsverməsində iştirak etməyəcək. "Axar.az"ın "News.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə partiyanın deputatı Sukias Avatesyan çıxış edib. O, qanun layihəsinin əleyhinə səs verməyin düzgün başa düşülməyəcəyini bildirib. Proyektin leyhinə səs verməyə gəlincə isə partiya təmsilçisi bunu sadəcə olaraq avantürizm adlandırıb. Ümumiyyətlə, belə bir səsvermənin dünya ictimaiyyəti tərəfindən düzgün başa düşülməyəcəyini də deyib. "Dağlıq Qarabağ de-fakto müstəqildir, amma de-yure tanınması dünya siyasətində ciddi suallardan biridir". Xatırladaq ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinə təqdim edilib. Artıq "Çiçəklənən Ermənistan" və "Orinaç erkir" partiyaları da səsvermədə iştirakdan imtina etmək niyyətindədir .
2013-11-13
1,574
Füzuli Ələkbərov: “Biznesimə qayıdıram”
"Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə deyək: bir kabinetdən digərinə keçmişəm". Bu sözləri bir neçə gün öncə dövlət məmurlarından birinin yaxınının yas məclisində iştirak edən keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov məmurlarla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: "Prezident harada məsləhət biləcəksə, orada da olacam". Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 22-də verdiyi sərəncama əsasən, Füzuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib ("Avropa.info").
2013-11-13
1,575
Zakir Həsənov: “Dağlıq ərazidə vuruşmağı öyrənməliyik”
"Biz dağlıq ərazidə vuruşmaq vərdişlərinə yiyələnməliyik. Ona görə büdcədən müəyyən vəsait yüksək dağlıq ərpazilərdə yaşayış məskənlərimizin salınmasına da yönəldilə bilər" "Axar.az" xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov bu gün Milli Məclisdə hökumət və parlament nümayəndələrinin iştirakı ilə keçirlən büdcə müzakirələrində dedi. O bildirdi ki, büdcədən bu istiqamətə xərclənən pullar genefondumuzun formalaşmasına müsbət təsir edər: "Biz Dağlıq Qarabağı qaytaracağıq. Amma bununla bərabər elə etmək lazımdır ki, insanlar o yaşam vərdişlərini unutmasınlar. Həm də bu, genefondumuzun formalaşmasına müsbət təsir edər".
2013-11-13
1,576
ABŞ-ın ən yüksək binası tikilir
ABŞ-da görüşən "Yüksək Binalar və Şəhər Sahə Şurası"nın (Council on Tall Bulidings ana Urban Habitat) memarları 11 sentyabr hücumları zamanı yerlə yeksan olan "əkiz qüllələrin" yerinə tikiləcək "Dünya Ticarət Mərkəzi"nin ABŞ-ın ən yüksək binası olacağını açıqlayıb. "Axar.az" xəbər verir ki, 2001-ci il 11 sentyabrda hücum nəticəsində dağılan və ABŞ-ın simvolu olan köhnə "Dünya Ticarət Mərkəzi"nin yerinə bu dəfə bir qüllə inşa ediləcək. Memarların dediyinə görə, 124.4 metr hündürlüyündə olacaq bu qüllə ABŞ-ın ən yüksək binası olacaq. Yeni inşa ediləcək "Dünya Ticarət Mərkəzi"nin inşaatı hələ tamamlanmayıb. Ancaq bina tikiləcək yerdə yerləşdirilən 124.4 metr uzunluğunda antena göydələnin yüksəkliyini təmsil edir. Tikiləcək binanın yüksəkliyi ABŞ-ın ən yüksək binası olan Çikaqodakı "Sear" Qalası (Sear Tower) binasını da geridə qoyacaq.
2013-11-13
1,577
Narıncı brilyant “Kristis” hərracda rekorda imza atdı
Noyabrın 12-si Cenevrədə keçirilən "Kristis" hərracında dünyanın ən böyük narıncı brilyantı rekord qiymətə - 35,5 milyon dollara satılıb. Qeyd edək ki, çox nadir tapılan bu brilyantın cəmi 17,4 - 20,6 milyon dollara satılacağı güman edilirdi. Hərracda 200 nəfərə yaxın alıcı olub. Alıcının adı açıqlanmasa da, "Axar.az" "Agence France-Presse"ə istinadən xəbər verir ki, brilyantın yeni sahibi telefonla yox, hərracda şəxsən iştirak edib. Hərraca qoyulan 14,82 karatlıq narıncı brilyant armudu formadadır. Amerika Gemologiya İnstitutu 2013-cü ilin avqustunda təbii rəngi narıncı olan bu brilyantı yonulmuş ən böyük brilyant hesab edir.
2013-11-13
1,578
Fazil Mustafa: “Hökumət gələn il qiymətləri artırmağa hazırlaşır”
"Büdcə kəsirlərinin yerinin doldurulması üçün vətəndaşların xərclərinin artırılması hesabına artırılacağı gözləntisi ciddi narahatlıq yaradır". "Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 2014-cü ilin büdcəsi ilə bağlı parlamentdəki müzakirələr zamanı dedi. Büdcədən ayırmalar və dövlət xərcləri barədə danışan millət vəkili kommunal xidmətlərin qiymətinin artacağı ilə bağlı şübhələrini də dilə gətirdi: "2014-ci il büdcəsində büdcə təşkilatlarının kommunal xərclərində artım qeyd edilib. Bu artım nədir, burada hansı təşkilatlardan söhbət gedir? Yoxsa hökumət gələn il kommunal xidmətlərin qiymətlərini artırmağa hazırlaşır",- deyə, deputat sual etdi. F.Mustafa Hesablama Palatasının hesabatına istinad edərək "Azərenerji"nin borcundan danışarkən dedi: "Dövlətdən ən çox dəstək alan şirkətin büdcəyə 400 mln. manat borcunun olması suallar doğurur". Kommunal xidmət haqlarının artacağı ilə bağlı əhalinin narahatçılıqlarını da bölüşən deputat aşağı miqdarda məvacib alan büdcə işçilərinin durumundan da danışdı. Eyni zamanda təhsil və səhiyyədəki durumu da tənqid etdi: "Azərbaycan insanı yenə də İran və Türkiyəyə müalicəyə gedir, hələ də inandırıcı səhiyyə sistemi yarada bilməmişik". Fazil Mustafa sonda deputatlar üçün bir, ya ikiotaqlı qəbul otaqlarının tikilməsi ilə bağlı təklif verdi və büdcədə nəzərdə tutulan, ancaq geri qayıdan 250 min manatın parlament partiyaları arasında bölüşdürülməsi təklifini verdi.
2013-11-13
1,579
Ermənistan "Dağlıq Qarabağı" tanımadı
Noyabrın 13-də Ermənistan parlamenti Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini səsə qoyub. Layihəni Ermənistan parlamentində təmsil olunan müxalif İrs Partiyası hazırlayıb. "Axar.az"ın xəbərinə görə, zalda olan 109 deputatdan cəmi 11-i səsverməyə qatılıb. 10 nəfər layihənin lehinə səs verib, 1 nəfər bitərəf qalıb. Hakim koalisiya partiyaları – Respublika, Orinats Yerkir partiyaları, eləcə də müxalif Çiçəklənən Ermənistan və Erməni Milli Konqresi partiyalarını təmsil edən deputatlar səsverməni boykot ediblər. 1991-ci il sentyabrın 2-də yaradılan saxta "Dağlıq Qarabağ Respublikası" 20 ilə yaxındır Azərbaycan ərazisinin beşdə birini nəzarətdə saxlayır.
2013-11-13
1,580
Qaz balonundan raket düzəltdilər
Suriyalı müxaliflər Əsəd rejiminə qarşı yaradıcılığından da qalmır. Belə ki, müxaliflər Əsəd rejiminə dirənmək üçün mətbəxdə istifadə olunan qaz balonlarından raket düzəldiblər. Hələbin Xənasir və Safirə qəsəbələrini ələ keçirən Əsəd rejiminin əsgərlərinə qarşı dirənmək üçün qaz balonlarından və digər yüngül silahlardan istifadə edirlər.
2013-11-13
1,581
Spirtli içkilərin internet satışı qadağan edildi
Bu ilin əvvəllərində gecə saat 23:00-la səhər 08:00 arasında bufet və marketlərdən spirtli içkilərin satışını qadağan edən Rusiya gələn ildən ibarət internet üzərindən də spirtli içkilərin satışına qadağa qoyacaq. Rusiya baş nazir yardımçısı Arkadi Dvorkoviçin açıqlamasında gecə spirt satışının qadağan edildiyi ölkədə spirt istehlakını yüzdə 25 nisbətinə düşürüldüyü, internetdən spirt alver qadağasıyla birlikdə spirtli içki içmə nisbətinin daha da düşməsinin gözlənildiyi bildirilir. "Axar.az" Türkiyə saytlarına istinadən xəbər verir ki, Rusiyada internetdən spirt alveri daha çox -18 yaşlı şəxslər tərəfindən aparılır. Ölkədə 18 yaşlılara da spirtli içki satışı qadağan olunmuşdu.
2013-11-13
1,582
Kennedinin qızı səfir təyin edildi
Sabiq ABŞ prezidentlərindən olan Con Kennedinin qızı Karolina Kennedi Yaponiya səfiri təyin edilib. "Axar.az"ın verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama tərəfindən ABŞ-ın Tokiodakı səfirliyinə namizəd göstərilən Kennedinin təyin olunması keçən ay senat tərəfindən edilən səsvermədə təsdiqlənib. Obamanın 2008-ci il də apardığı kampaniyaya dəstək verən Karolina Kennedinin adı Hilari Klintonun Dövlət Katibi olaraq təyin edilməsiylə boş qalan Nyu-York Senatorluğu üçün hallanmışdı. Qeyd edək ki, ABŞ-ın Yaponiya səfirliyinə siyasi baxımdan ağırlığı olan adlar təyin edilir. Bunlar arasında Valter Mondayel, keçmiş Nümayəndələr Palatasının Spikeri Tom Foley, keçmiş Amerikan Senatı liderləri Hovard Baker və Mayk Mansfild daha əvvəl Tokio səfiri olublar.
2013-11-13
1,583
Şahbaz Xuduoğlundan Vergilər Nazirliyinə: Yalandır
"Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Vergilər Nazirliyinin ünvanına yeni ittihamlar səsləndirib. "Axar.az"ın məlumatına görə, naşir Nazirliyin Audit Departamentinin əməkdaşlarını qanunsuz fəaliyyətdə ittiham edir. Bu barədə Şahbaz Xuduoğlu özünün "facebook" səhifəsində yazır: "Bu gün Vergilər Nazirliyinin Audit Departamenti "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol"un surətini mənə göndəriblər. Yazıblar ki, guya yoxlayıcılar mənə yoxlama haqqında qərar təqdim edəndən sonra yoxlamaya başlayıblar. Yalandı, burda olan insanlar gördülər ki, belə hal olmayıb. Mən gələnə qədər onlar nəşriyyatı mühasirəyə almışdılar. Yazıblar ki, götürdükləri sənədlərin üzlərini çıxarıb mənə qaytarıblar. Kökündən yalandır". Yazıblar ki, sənədlərlə yanaşı digər kağızları da ona görə götürüblər ki, sadəcə, ayırmaq mümkün olmayıb. Bu da yalandır!"
2013-11-13
1,584
Vahid Əhmədov kredit faizlərindən şikayətləndi
"Bankların kreditlərlə bağlı faiz dərəcələrinin hansı səbəbdən yüksək olması bizi çox maraqlandırır və narahat edir". "Axar.az" xəbər verir ki, bu fikirləri büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentdə növbəti müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. O qeyd edib ki, bu məsələ parlamentin İqtisadi-siyasət komitəsi, yaxud da plenar iclas səviyyəsində ayrıca müzakirə olunmalıdır: "Bu gün insanlar evlərini, həyətyanı torpaq sahələrini, digər əmlaklarını banklara girov qoyurlar və yüksək faizlərlə kreditlər götürürlər. Demək olar ki, bu gün banklara borcu olmayan insan yoxdur. Hamını banklardan asılı vəziyyətə salıblar. Yüksək faizlərlə verilən kreditlər vətəndaşların bir çoxunu hətta müflis edib. Biz hər dəfə bu məsələni qaldırırıq, ancaq bir nəticə yoxdur". Millət vəkili bildirib ki, banklar insanlardan əmanətləri 10-12 faiz qəbul etdiyi halda, kredit faizlərini 20-25, hətta 30 faiz həcmində müəyyənləşdirir: İnsanların taleyinə biganə qalmaq olmaz. Bu məsələyə Mərkəzi Bank rəhbərliyi başda olmaqla bütün banklar aydınlıq gətirməlidir. Bəlkə bankların hansısa narahatçılıqları var, biz bilmirik. Amma bütün hallarda banklar kredit faizlərini aşağı salmalıdırlar. Buna görə bir daha xahiş və təklif edirəm ki, bu məsələ ilə əlaqədar ya komitə səviyyəsində, ya da Milli Məclisin plenar iclası səviyyəsində münasibət bildirilsin, müzakirələr təşkil edilsin".
2013-11-13
1,585
İTV-nin departament rəhbəri efirdən uzaqlaşdırıldı
Cəmiyyətə daha çox "Prezident seçkiləri-2013" teledebatların moderatoru kimi tanış olan Füzuli İsmayılov efirdən uzaqlaşdırılıb. "AzNews.az"ın məlumatına görə, onun aparıcısı olduğu "Yekun" analitik informasiya proqramını İTV direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədov aparır. Füzuli İsmayılovun efirdən uzaqlaşdırılmasının səbəblərinə gəlincə, bunun seçki depatlarında baş verən nöqsanlarla bağlı olduğu bildirilir. Məsələ ilə bağlı İTV-dəki mənbələrimizdən bəzi dəqiqləşdirmələr apardıqda isə başqa məqamlar ortaya çıxdı. Şirkətdən bildirdilər ki, Füzuli İsmayılovun "vurulması" başqa məsələlərlə bağlıdır. Belə ki, İctimai Televiziyanın Analitik Proqramlar Departamentində neqativ hadisə baş verib. Televiziya rəhbərliyi isə bu məsələdə qurumun direktoru Füzuli İsmayılovu günahlandırıb. Bundan sonra isə F. İsmayılov departament rəhbərliyindən və aparıcısı olduğu verilişlərin birbaşa idarəçiliyindən uzaqlaşdırılması məqsədilə məzuniyyətə göndərilib. İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov F.İsmayılovun məzuniyyətdə olduğunu deyib, lakin onun işdən çıxarılması xəbərini təsdiq etməyib. Füzuli İsmayılov isə "AzNews.az"a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib. O qeyd edib ki, hazırda məzuniyyətdə olsa da, bu işdən çıxarılması anlamına gəlməməlidir: "Prezident seçkiləri dövründə işlədiyimdən məzuniyyətə çıxa bilməmişəm. İndi isə illik məzuniyyətə çıxmışam". Qeyd edək ki, Füzuli İsmayılov 2005-ci ildən İctimai Televiziyada işləyir. Bir müddət Gənclər və İdman verilişləri departamentinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı, Prezident seçkiləri-2013 teledebatlarının moderatoru olub.
2013-11-13
1,586
Maşınla adam öldürdü və ATV operatorunu döydü
"Axar.az" DİN-in mətbuat xidmətindən aldığı məlumata istinadən bildirir ki, 2013-cü il noyabrın 12-də saat 16.00-da Şirvan şəhəri M.Mirzəyev küçəsində şəhər sakini Zaur Zərbəliyev idarə etdiyi "KİA" markalı avtomobillə dayanacaqda dayanmış Salyan rayon sakini Fəridə Dadaşovanı vurub. Xəsarət almış F.Dadaşova xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Bununla əlaqədar hadisə yerinə gəlmiş "ATV" telekanalının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev buna maneəçilik törədərək, videokameranı sındırıb və operatorun özünü də döyüb. Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
2013-11-13
1,587
Qənirə Paşayeva tələbələrin dərdindən danışdı
Millət vəkili Qənirə paşayeva parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş bugünkü iclasında yataqxana problemindən danışıb. "Axar.az"ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlillərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, valideynləri 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir: "Bir müddət öncə parlament tərəfindən hər iki valideynini itirmiş tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulu məsələsində humanist addım atıldı, onlar ödəniş haqqı ödəməkdən azad edildilər. Bu, cəmiyyət tərəfindən də böyük rəğbətlə qarşılandı. Ona görə də yaxşı olardı ki, valideynləri və ya özləri 1-ci qrup tələbələr də ödənişlərdən azad edilsinlər". Millət vəkili eyni zamanda tələbələrin hələ də yataqxana problemi məsələsinin açıq qaldığını qeyd edib: "Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələrərdəndir. Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın".
2013-11-13
1,588
Prezidentə sui-qəsd planı üzə çıxdı
Kolumbiyanın eks-prezidenti Alvaro Uribə qarşı sui-qəsd planı ortaya çıxıb. Kolumbiya Müdafiə Naziri Xuan Karlos Pinzon "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri"nə (FARC) aid "Teofilo Forero" qrupunun eks-prezident 61 yaşlı Alvaroya qarşı sui-qəsd hazırlandığı planının ortaya çıxarıldığını açıqlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir planı necə öyrəndikləri və hadisənin detalları barəsində məlumat verməyib. FARC-ın sui-qəsd planından xəbərdar olub-olmadığı da hələlik məlum deyil. Keçmiş prezident Alvaro Ulibin FARC ilə Kolumbiya hökuməti arasında həyata keçirilən sülh danışıqlarına düşmən münasibəti bəslədiyi də məlumdur. Qeyd edək ki, Alvaro və ailəsini 300 adam qoruyur.
2013-11-13
1,589
Abel Məhərrəmov: "Bu bizi ölümə aparacaq"
"Gənclərin stimullaşdırılması üçün magistr və doktorantlar hərbi xidmətdən azad olunmalıdır". "Axar.az" xəbər verir ki, bunu millət vəkili Abel Məhərrəmov parlamentin büdcə müzakirələrinə həsr olunmuş bugünkü iclasında deyib. O bildirib ki, indiyə qədər xaricdə təhsil almış 1000-ə yaxın tələbə Azərbaycana qayıdıb: "Onların hərbi xidmətdən azad olunma məsələsi üzərində ciddi düşünülməlidir. Yoxsa bu bizi ölümə aparacaq", - deyə deputat vurğulayıb. Rektor həmçinin xaricdə dövlət hesabına oxumağa göndərilmiş tələbələrin təhsilini bitirdikdən sonra ölkəyə qayıtmamalarından narazlıq edib: "Xaricə tələblər göndərilir. Göndərilən tələbələrdən hansı biri universitetdə işləyir? Biz o tələbələri göndəririk ki, gedib orada təcrübə öyrənsinlər və gəlib ölkədə tətbiq etsinlər. Amma xaricdə oxumağa gedən qayıdıb işləmir. Hökumət o tələbələrə bu qədər pul ayrır. Bu pulun hesabına texnika alıb universiteti inkişaf etdirərəm".
2013-11-13
1,590
Acun İlicalı TV kanal aldı
Türkiyənin məşhur aparıcısı və iş adamı Acun İlıcalı artıq bir televiziya kanalı sahibidir. Məşhur aparıcı "TV8" kanalını satın aldığını bildirib. Bir müddətdir ki, "TV8" kanalının satışı üçün bazarlıq edən tərəflər nəhayət razılığa gəlib. Mövzuyla bağlı "Tvitter"dən açıqlama verən Acun, "TV8 mövzusunda cənab Mehmet Nazif Günalla razılığa gəldik",- deyib. Qeyd edək ki, məşhur iş adamı Acun İlıcalı ölkəmizdə də çox izlənən "O səs Türkiyə", "Yetənək sizsiniz" və "Survivor" kimi verilişlərin aparıcısısı və prodüsseridir.
2013-11-13
1,591
Səfər Əbiyevin kirvəsinə şok rüşvət ittihamları
Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən uzaqlaşdırılan Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı "Aznews.az"a ilginc məlumatlar daxil olub. Sabiq Müdafiə naziri Səfər Əbiyevlə qohumluq əlaqəsindən istifadə etməklə orduda "nəzarətçi" funksiyasını yerinə yetirən Aslan Aslanov vəzifədən kənarlaşdırıldıqdan sonra Gürcüstana getmək istəsə də, "Qırmızı körpü"də saxlanılıb ki, bu da ona qarşı narazılıqların üzə çıxmasına səbəb olub. Mənbənin sözlərinə görə, əslində, A.Aslanovun durumu hələ vəzifədən çıxarılmazdan əvvəl - yəni "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərmanın imzalanmasından sonra pisləşib. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon və şəhər hərbi komissarlıqları ləğv edilərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu isə S.Əbiyevin ordudakı "nəzarətçisi" Aslan Aslanovun təsir imkanlarını zəiflədib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra xidmətin 18 rayon üzrə idarə rəislərinin tutduqları vəzifədən azad edilməsi Aslanova qarşı narazılar ordusunun yaranmasına rəvac verib. İşdən çıxarılanların əksəriyyəti Aslan Aslanovun kadrları imiş. Səfər Əbiyevin Müdafiə naziri, özünün isə Kənd Təsərrüfatı nazirinin müavini postundan uzaqlaşdırılmasından sonra bu müddət ərzində susan bir çox keçmiş hərbi komissarlar Aslan Aslanova qarşı birləşib. Bu da onun vəziyyətini gərginləşdirib. Məlumata görə, A.Aslanovun vaxtilə təyin etdirdiyi və bunun müqabilində külli miqdarda pul aldığı şəxslər indi pullarını geri tələb edirlər. Belə ki, A.Aslanov Şəmkirdə İcra Hakimiyyətinin başçısı və daha sonra nazir müavini işlədiyi dövrlərdə hərbi komissarların təyinatını "həyata keçirib". A.Aslanova verdiyi pulları geri istəyənlər arasında Kəpəz, eləcə də Şəmkirin keçmiş hərbi komissarları da var. Onlar da Aslan Aslanovdan narazılar sırasındadırlar. Məlumata görə, hərbi komissar Əli Əhmədovu daha yüksək vəzifə vədi verərək külli miqdarda pul alan A.Aslanovun bu vədini yerinə yetirə bilməməsi daha pis nəticələrə yol açıb. Belə ki, nə vəd olunan vəzifəni, nə də bu vəzifə üçün Aslanova verdiyi pulu geri ala bilən Ə.Əhmədovun psixi durumu gərginləşib. Səhhətində yaranan problemlər üsə onun ümumiyyətlə sistemdən uzaqlaşmasına səbəb olub. A.Aslanovun Bakıda yüksək vəzifə vəd etdiyi şəxslərdən biri də Tovuzun hərbi komissarı Ağaverdi Fəttahov olub. Bu vədə inanaraq S.Əbiyevin kirvəsi olan A.Aslanova pul verən A.Fəttahov da hazırda pulunu geri tələb edir. Çünki o, verdiyi pulun müqabilində nəinki daha yüksək vəzifəyə gətirilib, əskinə, təqaüdə göndərilib. Daha bir narazı şəxs isə hazırda həbsdə olan Binəqədi rayonunun keçmiş hərbi komissarı Feyzi Ağabəyovdur. Məlumata görə, işlədiyi vaxt daha "gəlirli" rayona - Xətai rayonuna dəyişmək üçün onunla anlaşıb. İndi keçmiş komissarın yaxınları Aslan Aslanovun cəzalandırılmasını tələb edir. Qeyd edək ki, bütün bu ittihamlara cavab olaraq, Aslan Aslanobvdan münasibət almaq cəhdlərimiz baş tutmadı.
2013-11-13
1,592
Türkiyə və Azərbaycan dövlət başçıları yığıncaq keçirir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri davam edir. "Axar.az" xəbər verir ki, bu gün, Baş nazir Ərdoğan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təmsilçiliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü yığıncağı keçirilir. Baş nazirliyin Mərkəz Binasında keçirilən yığıncaqda, Azərbaycan Respublika başçısı İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan yığıncağa başçılıq edir. Ərdoğan, Respublika prezidenti Əliyevi, Baş nazirliyin Mərkəzi Binasında qaşrılayıb. Şura yığıncağının ardından Əliyev və Ərdoğanın ortaq mətbuat konfransı keçirəcək və əldə olunan məsələlərlə bağlı razılaşmaların imzalanması gözlənilir.
2013-11-13
1,593
Bu gün Korlar günüdür - Konfrans
13 noyabr Beynəlxalq korlar günüdür. Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilib. Konfransı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Simyar Abdullayev açaraq Beynəlxalq korlar gününün tarixi barədə məlumat verdi. İctimaiyyətin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətini görmə qüsurlu insanların mövcud problemlərinə diqqəti cəlb etmək üçün bu günün xüsusi rolu olduğunu qeyd edən Simyar Abdullayev, həmçinin gözdən əlillər üçün nəzərdə tutulmuş "Reabilitasiya Tədris mərkəzi"ndən söz açaraq həmin mərkəzin bu ilin sonunda açılacağını konfrans iştirakçılarının diqqətinə çatdırdı. Ümumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Ölkəmizdə isə bu göstərici 30-35 min təşkil edir. Tədbirin sonunda Böyük Britaniyanın "OXFAM" Humanitar Təşkilatının maliyyə, "İNTERNYUS Azərbaycan" İctimai Birliyinin texniki dəstəyi ilə müəllifi və rejissoru Gültəkin Nəriman olan "Zülmətlə mübarizə" filminin təqdimatı keçirildi.
2013-11-13
1,594
Zakir Həsənov işdən çıxardığı polkovniki cəbhəyə göndərdi
Nazir vəzifəsinə təsdiq olunduqdan 3 gün sonra imzaladığı əmrlə Hərbi Polis İdarəsinin rəis əvəzi Bədir Həsənovu vəzifəsindən çıxaran Zakir Həsənov onun təyinatını cəbhə bölgəsinə verib. Qaynağın "Axar.az"a verdiyi məlumata görə, nazir Zakir Həsənov Bədir Həsənovu Şəmkirdəki hərbi hissələrdən birinə tabor komandiri göndərib. Xatırladaq ki, polkovnik-leytenant Bədir Həsənov peşəkar kadr deyil, ön cəbhədə isə adətən qeyri-peşəkar zabitlər üçün xidmət dözülməz olur.
2013-11-13
1,595
Erməni biznesmen 6 nəfərin qətlini sifariş verdi
Erməni biznesmen oğlunun qisasını almaq üçün 6 nəfərin ölümünü sifariş verib. "Axar.az" xəbər verir ki, "Avrokompleks" tikinti konserninin 64 yaşlı rəhbəri Stepan Ananikyan polis tərəfindən saxlanılıb. Polisin məlumatına görə, Ananikyan öz qohumları - Seyran Xoşbekanyan, Varazdat Martirosyan, Manveel Akopyan da daxil olmaqla 6 nəfəri oğlunun ölümündə günahlandırıb. İndiyə qədər qətldə adı hallanan 6 nəfərdən ancaq 3 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, 2008-ci ildə Krista Ananikyana naməlum şəxslər hücum edərək döyüblər. Bundan sonra oğlunun ölümündə 6 nəfərdən şübhələnən ata killer tutaraq onların hər birinin ölümünə görə 300 min vəd edib. Ancaq vəziyyətdən şübhələnən şəxslərdən biri polisə xəbər verib və S.Ananikyan saxlanılıb.
2013-11-13
1,596
Əliyevin Ərdoğanla mətbuat konfransında zarafatı - Video
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) III yığıncağı Ankarada keçirildi. Baş nazirlikdə təşkil edilən yığıncaqdan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublika başçısı İlham Əliyev ortaq mətbuat konfransı təşkil etdi. Baş nazir Ərdoğan, mətbuata açıqlamasında "Yuxarı Qarabağ problemi Azərbaycanın problemi olduğu qədər bizim də problemimizdir",- dedi. Açıqlamasında Yuxarı Qarabağ probleminə də toxunan Əliyev, "Bu mövzuda Türkiyəyə güvənəmiz sonsuzdur. Türkiyənin Qarabağ problemində davamlı bizim yanımızda olacağından əminik. Türkiyə böyük və şərəfli bir yol keçib. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs reallaşdırıla bilməz",- deyə bildirdi. Əliyev, Türkiyə-Azərbaycan arasında vizasız rejimin təmin edilməsi mövzusunda əhəmiyyətli bir nöqtəyə gəlindiyini deyərək, yaxın zamanda ilk olaraq elm adamları və iş adamlarının bu imkandan faydalanacağını qeyd etdi. İki ölkə arasında TANAP kimi çox əhəmiyyətli enerji proyektlərinin həyata keçiriləcəyinə diqqəti çəkən Əliyev, bu proyektlə Avropanın enerji xəritəsinin də dəyişəcəyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasındakı viza rejimi ilə əlaqəli suala verdiyi ritorik və zarafatyana cavab isə konfrans iştirakçılarının alqışına səbəb olub. Həmin videonu təqdim edirik.
2013-11-13
1,597
Finladiyanın hərbi təyyarələri qəzaya düşdü
Finlandiya hərbi hava qüvvələrinə məxsus iki təyyarə toqquşub. "Axar.az"ın "RİA-Novosti"yə istinadən veridiyi xəbərə görə, toqquşma ölkənin qərbində baş verib. Son informasiyaya görə təyyarələr təlim uçuşu həyat keçiriblər. Qəza Kauxava şəhəri üzərində baş verib. Məhz bu ərazidə Finlandiya hərbi hava qüvvələrinə məxsus yay məktəbi yerləşir.
2013-11-13
1,598
Əli İnsanov azadlığa çıxır
Noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq. İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir. Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, Əli İnsanov özü pleniumun iclasında iştirak etməyəcək və iclas mətbuat nümayəndələri üçün qapalı olacaq: "Əvvəl də belə düşünürdük, indi də belə düşünürük ki, Əli İnsanov azadlığa buraxılacaq. Başqa cür ola bilməz. İki gündən sonra sabiq nazir azadlıqda olacaq".
2013-11-13
1,600
Aslan İsmayılov: "ANS-in müdafiəsinə heç əlli adam gəlmədi"
"Azadlıq" qəzeti mətbuat konfransı keçirdi Bu gün saat 13:00-da RATİ-nin ofisində "Azadlıq" qəzetinin çapının dayandırılması ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə bərabər, hüquqşünas Aslan İsmayılov, DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu, Milli Şuranın üzvü İbrahim İbrahimli və s. şəxslər iştirak edirdilər. R.Hacıyev qeyd etdi ki, qəzet nəşriyyata olan 24 min manat borcunu ödəmək imkanına malik deyil. Qəzetin dəfələrlə məhkəməyə verildiyini bildirən R.Hacıyevin sözlərinə görə, nəticədə xeyli cərimə yığılıb: "Bakı Metropoliteninin rəisi Tağı Əhmədov "Azadlıq" qəzetindəki məlumatla bağlı məhkəməyə müraciət etdi və qəzet 30 min manat cərimələndi. Bizim cəhdimizlə Tağı Əhmədovla cərimənin 75 ay ərzində hissə-hissə ödənilməsi haqqında razılıq əldə olundu. Lakin sonradan Tağı Əhmədov bu razılaşmanı pozdu. Daha sonra qəzetin əməkdaşı "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova tərəfindən məhkəməyə verildi və qəzet cərimələndi. Nəticədə aprel ayında Yasamal Rayon Məhkəməsi qəzetin bank hesabına həbs qoydu. Oktyabrın 24-də "Azadlıq" qəzetinin məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı protokol verildi və bizdən 65 min manatlıq cərimənin ödənilməsi tələb edildi". R.Hacıyev əlavə etdi ki, "Qasid" firmasının da "Azadlıq" qəzetinə borcu yaranıb: "2013-cü ilin oktyabrın 1-nə qədər "Qasid" firmasının qəzetə 50 min manat borcu olması təsdiqlənib və borc ödənmir. Maddi vəsaitin olmaması nə cərimələrin, nə də qəzet əməkdaşlarının maaşını ödəməyə imkan verir". Azərbaycanda hüquq müdafiə institutu ölüb Söz alan hüquqşünas Aslan İsmayılov isə ictimaiyyəti qınaq atəşinə tutdu: "Bu gün Azərbaycanda hüquq müdafiəçiləri "hüquq müdafiə" peşəsini biznesə çeviriblər. Yəni qrant alıb, qrant yemək, yaxud mətbuatda getdiyi kimi, dəfələrlə kimisə xaricdə hansısa siyahıya saldırmaq üçün rüşvət alan hüquq müdafiəçiləri, arayış alan hüquq müdafiəçiləri. Bu institut ölübdür Azərbaycanda". "Gəlməmişdən öncə "feysbuk"da bir status paylaşdım ki, "Azadlıq" qəzetinin bağlanması ilə əlaqədar konfransa gedirəm. Ki, görüm neçə nəfər müdafiəyə gələcək. 3-5 dəqiqə bayırda gözlədim, bir nəfər belə gəlmədi. Ancaq bəyənmədiyimiz Rusiyada "NTV" kanalı bağlanan saatı 50 min adam "NTV"nin binasının qarşısında idi. Bizim "ANS" bağlananda mən getmişdim həmin dəqiqə. Əlli nəfər belə gəlmədi.
2013-11-13
1,601
Cavadağa Sultanovun dəhşət dolu dosyesi
Şəriklərinə 7 milyon "atan" Cavadağa Sultanovun Bakıdakı cinayət işi araşdırılmamış qalıb Hacı Məmmədov: "Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır"
2013-11-13
1,602
İqbal Ağazadədən Oqtay Əsədovun replikasına cavab
Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri İqbal Ağazadə qiymət artımının olacağını proqnozlaşdırıb. O, bunu Maliyyə naziri Samir Şərifovun dövlət büdcəsinin layihəsini təqdim edərkən qiymət artımı ilə bağlı anons verməsi ilə əsaslandırıb. Spiker Oqtay Əsədov isə ona replika ataraq deyib ki, Maliyyə naziri dünənki çıxışında belə bir anons səsləndirməyib: "İqbal, sən özün anons verib, özün də münasibət bildirirsən. Maliyyə naziri belə anons verməyib. Yəqin ki, növbəti çıxışında da Samir müəllim özü bu məsələyə toxunacaq". Qiymət artımı mütləq olacaq! İqbal Ağazadə "Axar.az"a açıqlamasında qiymət artımı barəsində səsləndirdiyi fikirlərə münasibət bildirdi: "Mən istəyirəm ki, cənab Oqtay Əsədovun dediyi kimi olsun və qiymət bahalaşması olmasın. Amma Samir Şərifov bununla bağlı danışıb və büdcədə sosial sferada daxilolmaların tətbiqi qiymət artımı ilə bərabər nəzərdə tutulub. Əgər bu artımla büdcə formalaşması nəzərdə tutulubsa, demək, hökmən artım olacaq, bundan qaçmaq olmaz". Millətin ayağa qalxmasını istəmirik Millət vəkilinin fikrincə, insanların narazılıq etməməsi onların hüquqlarının pozulması anlamına gəlməməlidir: "İnsanlar narazılıq etmirsə belə, onların hüquqlarını tapdalamaq olmaz axı. Biz çalışmalıyıq ki, xalq yaxşı yaşasın, sosial problemlərdən əziyyət çəkməsin. Biz çox istəyirik ki, millət sosial tələblərlə ayağa qalxmasın, çünki millətin ayağa qalxması hər zaman qarşıdurma, xaosla nəticələnə bilər. Hökumətin millətə qulluq eləməsini istəyirik, millətin ayağa qalxmasını yox".
2013-11-13
1,603
Asim Mollazadə: "Minlərlə insan səfirliyin önündə yatdı"
Bu gün Milli Məclisin büdcə müzakirəsi ilə bağlı iclasında çıxış edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə son illər ölkə ictimaiyyətini ciddi şəkildə narahat edən səhiyyə sistemindəki çatışmazlıqlardan danışdı. Millət vəkili bildirdi ki, hər il dövlət büdcəsindən səhiyyə sahəsinə yüz minlərlə manat vəsait ayrılır. Lakin yenə də insan amili öz işini görür və kifayət qədər peşəkar mütəxəssislər olmadığına, həkimlərin öz işlərini məsuliyyətlə yerinə yetirmədiyinə görə Azərbaycan vətəndaşları sağlamlığını İranda və ya digər ölkələrdə axtarır ". O bildirdi ki, İran viza tətbiq edəndən sonra minlərlə vətəndaşımız məhz bu səbəbdən gecəni səfirliyin önündə keçirmişdi: "Bu sahədə köklü dəyişikliklər olmalıdır. Səhiyyə sistemində ciddi islahatlar olmasa, biz vətəndaşlarımızın sağlamlıqları üçün xaricə getməsinin qarşısını ala bilməyəcəyik". Sığortaya ayırdığımız istifadə olunmur, büdcəyə qayıdır Milli Məclisdə səsləndirdiyi fikirləri "Axar.az"a açıqlamasında davam etdirən Asim Mollazadə bildirdi ki, büdcədən ayrılan vəsaitlə son illər yüksək səviyyəli klinikaların tikilməsi və ya köhnələrin təmir olunması, səhiyyə mərkəzlərinin açılması ciddi nəticə vermir: "Ümumi səhiyyə sistemində islahatlar və peşəkar mütəxəssislər olmadığına görə inkişaf yoxdur, mütəxəsislərin səviyyəsi yetərincə deyil və onlar ən müasir avadanlıqla davrana bilmirlər. Bununla yanaşı, tibbi sığorta da yoxdur. Hər il biz büdcədən təqribən bir milyon sığortaya ayırırıq, amma sığorta yoxdur". Sığortaya ayrılan vəsaitin yenidən büdcəyə qayıtdığını söyləyən millət vəkili bu vəsaitlərin Azərbaycan vətəndaşının sağlamlığına xidmət etmədiyini bildirdi: "Hər bir həkim müvafiq protokol əsasında hərəkət etməlidir. Təsəvvür edirsiz, doğum evlərində bu metod tətbiq ediləndən sonra ölüm hadisələri kəskin şəkildə azaldı. Ümumi səhiyyə sistemində də bu metoddan istifadə edilməlidir. Bu zaman həkim işində daha məsuliyyətli olur və səhlənkarlığa yol verdiyi təqdirdə məsuliyyətdən yayına bilmir".
2013-11-13
1,604
E.Namazov pul söhbətinə aydınlıq gətirdi – İlk dəfə
Jurnalist Aynur Elgünəş Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ona pul borcu olması barədə fikirləri sosial şəbəkədə yenidən səslənidirib. Xanım jurnalist iddia edir ki, 2009-cu ildə Marşal Fondunun dəstəyi ilə Novxanıda keçirilən tədbirdə çıxış edən hər kəsin nitqini Eldar Namazovun tapşırğı ilə yazıya köçürüb. Bu nitqlərin sonradan kitab halına gətirilməsi planlaşdırılsa da, ideya tutmayıb. Buna baxmayaraq, üzərinə düşən işi gördüyünə görə Aynur Elgünəş razılaşdıqları 500 manatı Eldar Namazovdan tələb edir. Məsələ ilə bağlı Eldar Namazovun fikirlərini öyrəndik. Bu ittihama cavab vermək zamanıdır Eldar Namazov deyir ki, bu məsələ ilə bağlı bir neçə dəfə jurnalistlər müraciət etsə də, heç birinə ətraflı cavab verməyib: "Düşünmüşəm ki, ətraflı cavab verməyim həmin xanım jurnalistin özünün ictimai nüfuzuna xələl gətirə bilər. İctimai-siyasi fəaliyyətə başlayandan bəri jurnalistlərlə sıx təmasdayam, özümün rəhbərlik etdiyim media layihələrində çoxlu jurnalistlə çalışmışam. Ancaq birinci dəfədir ki, mənə qarşı belə bir ittiham səslənir. İttihamlara aydınlıq gətirməliyəm, çünki həmin xanım jurnalist bu fikirləri deməkdən usanmır. Hər dəfə vurğulayır ki, Novxanıda Marşal Fondunun dəstəyi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı keçirilən konfransın stenoqramını mənim tapşırığımla yazıb, ancaq pulunu ala bilmir. İlk olaraq deyim ki, mən Marşal Fondu ilə heç bir layihə çərçivəsində əməkdaşlıq etməmişəm. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı da heç bir konfrans keçirməmişəm". Pulu verərəm, amma... Aynur Elgünəşin iddialarını cavablandıran Eldar Namazov məsələnin əslində necə olmasını da açıqladı: "2009-cu ildə Novxanıda konfransda olmuşam. Həmin konfransın da nə Marşal Fondu ilə, nə də sərhədlərin açılması məsələsi ilə əlaqəsi var. Biz ora "Azərbaycan cəmiyyətində ziyalıların rolu" mövzusunda toplaşıb müzakirə aparırdıq. Həmin tədbirdə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Mehman Əliyev, Rafiq Əliyev kimi ziyalılar iştirak edib. Ziyalılar Forumunun təsis konfransı keçirilib. Həmin tədbirin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olmasını demək əslində çox şeydən xəbər verir. Bu xəbərsizlik onu göstərir ki, həmin jurnalist xanım o materialları hansı səviyyədə hazırlayıb. Həqiqətən də o tədbiri kitab halına salıb çap etmək fikrimiz olub və bunun üçün 5 nəfərdən ibarət işçi qrupu da yaradılıb. Ancaq sonra elə oldu ki, bu kitab çapı məsələsi alınmadı və Aynur xanımla birgə digər 4 nəfər işsiz qaldı. Biz müxtəlif fondlara müraciət etdik ki, bu kitabın çapına dəstək versinlər. Ancaq bu reallaşmadı". Aynur Elgünəşin pulunu verməyə hazır olduğunu deyən Eldar Namazov xanım jurnalistə şərt qoydu: "Bir şeyi də qeyd edim ki, həmin dövrdə Aynur xanımın çalışdığı ictimai təşkilata 2 dəfə kömək etmişəm və həmin ictimai qurumun rəhbəri də Novxanıdakı tədbirin iştirakçısı idi. Həmin vaxt o təklif etmişdi ki, Aynur xanım bu tədbirin stenoqramını yaza bilər. Konfransın üstündən 4 ildən artıq bir vaxt keçib. Bəlkə doğurdan da həmin xanım o yazının üzərində işləyib və təkmilləşdirib. Elə buna görə də mən təklif edirəm ki, Aynur xanım zəhmət çəkib yazdığı və dəyərli ziyalılarımızın çıxışı olan stenoqramı sizə təqdim etsin. Mən sizi əmin edirəm ki, həmin çıxışlar sizin saytda dərc edildikdən 30 dəqiqə sonra xanım jurnalistin pulunu özüm verəcəyəm. Heç bir fond-filan da lazım deyil".
2013-11-13
1,605
Saxta sənəd hazırlayan qadın tutulub
Baş Prokurorluğun mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov Rayon Məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Araşdırmalar zamanı Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov Rayon Məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək, məhkəməni mənzilin guya Z. Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir
2013-11-13
1,606
43 il ərdə olmuşam, belə öpüş görməmişəm – Reportaj
Əvvəllər Nərimanov parkında dahi inqilabçı, yazıçı və həkim Nəriman Nərimanovun heykəli vardı. İndi o heykəl yoxdur. Yerində gül-çiçək əkilib. Parkın dörd bir yanı kafe və çayxanalardan ət-ətədir. Bu parkı şəhərimizin başqa parklarından fərqləndirən cəhətlərdən biri son 3-4 ildə burada bir-neçə dəfə əsaslı təmir-tikinti işlərinin aparılmasıdır. Bunun kifayət qədər maliyyə mənimsəməsinə səbəb olmasını deyənlər də az deyil. Lakin bu, başqa yazının mövzusu olduğuna görə üstündən keçirik. İndi isə fotomüxbirimiz Emin Nihillə haqqında bəhs etdiyim parkdakı müşahidələrimizi "Axar.az"ın dəyərli oxucuları ilə bölüşürük. Mən qorxaq adamam, qardaşoğlu Parkın girəcəyində yaşlı kişi qara rəngli, içərisində günəbaxan tumu olan torbasından iki ədəd siqaret qutusunu çıxarıb qapağını açır, səliqə ilə alçaq daş barının üstünə qoyur. Yaxınlaşıram. Söhbətə körpü salmaq üçün onda olmayan siqaretdən soruşuram. "Yoxdur,- deyir.- Mən iki qutunu gilə-gilə ancaq satıram". Eminə işarə edirəm ki, kişinin şəklini çəksin. "Neynirsən, a bala,- sonra da üzünü mənə tutur.- Sənə nə lazımdır?" - Əsgər yoldaşıma oxşatdım, ona görə yaxınlaşdım. Köhnə eynəyini üstündən təəccüblə sifətimə baxır: - Dolamısan məni, mənim 76 yaşın var. - Amma çox cavan qalıbsan. Zarafatıma zarafatla cavab verir: - Düz deyirsən, hələ arvad evdə günümü bir az qara edib. Söhbətimiz alınır. Kişi danışmağa başlayır. - Adım Həmzədir. Özüm də yerazam. Pensiyadayam. 88-də gələnlərdənəm. Erməni ilə evimi dəyiş-düyüş etmişəm. Günə 6-7 manat da burdan qazanıram. Allaha min şükür". Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı sualıma isə, "guya dediklərimi yaza biləcəksən? Mən qorxaq adamam, qardaşoğlu. Qoy tumumu satım",- deyir. Gənclər mane olur Parkda nəzərimizi körpələri uşaq arabalarında gəzdirən iki qadın cəlb edir. Yaxınlaşırıq. Söhbət edirik. Xanımlardan biri əslən Qubanın Çiçi kəndindən olan Ela, o biri isə Balaxanıda doğulub, ailəsi ilə Əhmədlidə yaşayan, Sevdadır. Hər ikisi dayədir. Elanın "uşağının" adı Gülçöhrədir: "Valideynləri çox alicənab insanlardır. Mənə 500 manat zəhmət haqqı, gündə də üç dəfə yeməyimi verirlər. Səhər saat 8-dən axşam 9-a qədər Gülçöhrə mənim balamdır. Sonra valideynlərinə təhvil verirəm. Bu uşağa o qədər bağlanmışam ki, elə bilirəm ki, onu özüm dünyaya gətirmişəm". Sevda xanım da balaca Nurayının valideynlərindən razılıq edir: "Yaxşı insanlardır. Mənə də ürək qızdırırlar. Balalarına öz balam kimi baxıram, iş yeri kimi gəlib-getmirəm bura. Görməyəndə darıxıram. Yoldaşım da işləyir. Mən də dayə kimi bu uşağa baxıram. Səhərdən axşam saat 7-yə qədər uşaqla bir oluram". Sevda xanımın maaşı isə 350 manatdır. Hələ belə öpüş görməmişəm Yaxınlıqda iki yaşlı qadın oturub. Zinaida Petrovna və Sevil xanım. Sevil xanım deyir ki, gərək 5 dəqiqə tez gələydin. Burda bir oğlanla qız elə öpüşürdü ki, marçıltıları aləmi götürmüşdü. 43 il ərdə olmuşam, hələ belə öpüş görməmişəm. Deyir və gülür. Zarafat edirəm: - Paxıllığın tutdu? - Yox, əşşi, Allah vurmuşdu onları. Qovduq burdan. Öpüşməyin də təhri var da. O gedələr o qızları almayacaq. Adam da arvadı edəcəyi qızı günün günorta çağı xalqxın içində basmarlayar? Gənclər istirahət etməyə mane olur. Adım Marksdır - Markıs Ağayev Bir qədər aralıda isə yaşlı kişilərin şıdırğı nərd oyunu gedir. Salam verirəm, "oyunçu aparsın",– deyirəm. Hazırcavab, qalstuklu kişi: "Narahat olma, onsuz da oyunu aparıram, bunun bütün "polyasını" tutmuşam, daşları da "plendir",- deyir. Jurnalist olduğumuzu Eminin əlindəki foto-kameradan bilir. Tanış oluruq. - Adım Marksdır. Markıs Ağayev. Karl Marksın şərəfinə məni belə adlandırıblar. Mənim bütün nəslim bolşevik olub. "Slujbada" olmuşam, indi "Otstavkadayam". - Deyəsən hərbçi olmusuz. - Hə, mayor kimi ordudan uzaqlaşmışam. Sovet vaxtı çox yerlərdə xidmətdə olmuşam. Yüksək təqaüd alıram. Özümə də, nəvələrimə də çatır. Qara gün üçün də tədarükümü görmüşəm. Keçmiş hərbiçidən Milli Ordumuz haqda soruşuram. - İndi, Zakir Həsənov gələndən sonra hər şey yaxşı olmalıdır. O, milli adamdır. Səfər Əbiyev şişmişdi, kitelinə sığmırdı. Dilimizi bilmirdi. Bu yox, "molades" buna, gələn kimi islahatlara başladı. Mənə 7 not bəs eləmir Kənardakı stolda isə bir nəfər dil boğaza qoymur. Nərd oynayanların başına xeyli adam toplaşıb. Danışqan oyunçu Eminin şəkil çəkdiyini görüb: - İcazəsiz olmaz. Məhkəməlikdir bu,- deyir. Bir soruşun da... Bəlkə "ÇRU"-nun agentisiz? Ətrafdaklar gülüşür. "Məclis" onun məclisidir, hiss olunur ki, seyrçilər də bunun danışığına və oyununa diqqət kəsilib. Sonra harda işlədiyimizlə maraqlanır. Mətbuatdan olduğumuzu bilən kimi, oyuna ara vermədən danışır: - Mən məşhur kompozitor və gitaraçıyam. Etibar Qasımov, bəlkə də eşitməmisiz, başınız qarışıq olub, bilirəm. Sonra da mobil telefonunu açıb bir çəkiliş göstərir: - Bunu Zəncanda çəkiblər, İranın ən gözəl məkanında. Orda məni yaxşı başa düşürlər. Bax, burda gitaranı "ağladan" mənəm. Qalan çalğıçılar "mesnidir". Mən dahi sənətkaram, yiyəm yoxdur. Rəmiş, Mahmud, İdrak ortabab gitara çalandır. Mən musiqi bəstələyirəm. Məni heç kəs duymur. Mehriban xanıma müraciət etmişəm. O, yetim–yesirin anasıdır. Mənim və Azərbaycan musiqisinin nicatı yalnız onun verdiyi qərardan aşlı ola bilər. - Musiqilərini nota köçürmüsən? - Yox, mənə yeddi not çatmaz. Mən qəlblərə köçürürəm əsərlərimi... Və... qədim peşə sahibləri Sir-sifətindən hansı yuvanın quşu olduqları ilk baxışdan bəllidir. Gözləri ilə yaxınlıqdan keçən bütün kişiləri "qarşılayıb, yola salırlar". Diqqətlə üzünə baxıram. Göz vurur. Yaxınlaşıram. Salam vermədən, vaxtının az olduğunu, qərarımı tez verməyimi tələb edir. Mən isə onu sorğu-suala tuturam: - Adın nədir? - Adımı neynirsən, adımı heç kimə verə bilmərəm. Bəyənmirsənsə məni, gözlə, indi qızlar gələcək, birini seçərsən. -Yox, mən elə bildim, sən burda iş üçün oturmusan, ona görə yaxınlaşdım. - Elə işimdir də bu. Əvvəllər Keşlədə kafedə işləyirdim. Həm qab-qacaq yuyurdum, həmdə indi gördüyüm işi məcbur, özü də pulsuz gördürürdülər mənə. İndi Allaha şükür, qab-qacaq zad yumuram, bu işi də pulnan görürəm. Millətə xidmət etmək şərəfdir. Həyasızcasına dişini ağardır və əlavə edir: - Get işinin-gücünün dalıyca, o şəkil çəkəninə də de, alıb təpəsinə çırparam "çırt-çırtını". Səni tanıdım, sənə qız-zad lazım deyil. Ac adama oxşamırsan. - Nədən tanıdın? - Gəlib-gedənə fikir verirəm. Kişiləri uzaqdan "rastomoşka" eləyirəm ki, kim kimdir. Bura təsadüfdən yad adam gəlir. Sənin o şəkilçəkənə göz vurmağından, işarə verməyindən gördüm ki, ev yıxansan, çörək verən deyilsən. "Duxlu" cayılsan, o gedəni görürsən, narkomandır, onun şəklini çək e, bizi hər gün döyüb pulumuzu əlimizdən alır. Emin narkomanın şəklini çəkir. Yerə əlavə 10 manat verəcəksən... İki skamya kənarda otururam. Az keçmir sarışın saçlı bir xanım yaxınlaşır və etinasızcasına bir qədər aralı oturur. Çantasından dönər çıxarıb, mənə tərəf dönür, qonaq etmək istəyir. Təşəkkür edirəm. "Tək çörək yeyəndə boğazımdan keçmir. Elə bilirəm, kimsə hardasa acdır",- deyir və səliqə ilə dönərdən qoparıb yeməyə başlayır. Kənara baxıram, o isə altdan-altdan məni müştəri gözü ilə süzür. - Burda kimisə gözləyirsən? - soruşur. Söhbətimizə beləcə körpü salınır. Sual verib, məni danışığa çəkən o olur. Adının Çiçək, xalası oğlu olmuş ərinin rəfiqəsinə vurularaq onu iki uşaqla tək qoymasından danışır və axırda da deyir ki, bəs nə edim, durum onun yetimini nəynən saxlayım? Mənim müştəri olmadığımı bilənə qədər isə saatı 15 manata getdiyini, mənim isə sakit adama oxşadığıma görə 5 manat "skidka" edəcəyini deyir. Onu da əlavə edir ki, əgər yerim yoxdursa, yer üçün də əlavə olaraq 10 manat ödəməliyəm... Mənim isə heç də bu istəkdə olmadığımı bilən kimi, qəzəblə: - Bəs burda niyə oturmusan, yer qəhətdi başına?- deyib hirslə ayağa durur. Parkın girəcəyindəki ilk skamyada isə iki gənc qız və bir yaşlı rus qadını oturub. Qadın özünü Tatyana İvanovna kimi təqdim edir. Əlində qəzet var. "Havalar əl verəndə gəlib gəzirəm, mütaliə edirəm,- deyir.- Burda axşamlar pozğun qadınlar, narkoman kişilər olur. İndi hələ yaxşıdır". Qızlar isə yaxınlıqdakı kollecin tələbələridir. Kollecdə kompüter öyrənirlər. Bura isə dərsin başlanmasına hələ xeyli qaldığına görə gəliblər: "Rahat oturmağa qoymurlar, gələn göz vurur, işarə edir, hırıldayırlar". Qızlara məsləhət görürəm ki, burda yox, o tərəfdəki skamyalardan birində otursunlar: "Onda istirahətinizə heç kəs mane olmaz". Qızlar məsələnin nə yerdə olduğunu anlayıb, "aaaa", deyərək cəld ayağa dururlar. "Bəli, burdakı ilk üç skamyada əsasən qədim peşə sahibləri oturur. Həmişə yox, günün müəyyən vaxtlarında, kişilərin yaddaşında isə bu yer bütün vaxtlarda belə qalıb",- Tatyana İvanovna belə deyir...
2013-11-13
1,607
Türkiyə “Patriot”ları NATO-ya qaytarmaq istəmir
Türkiyə "Patriot" raketlərinin bir il daha ölkədə qalması üçün NATO rəhbərliyindən xahiş edib. "Axar.az"ın "Frans press"ə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Şimali Atlantika Blokunda adının çəkilməsini istəməyən zabitlərdən bir deyib. Mənbə Türkiyə hökumətinin bununla əlaqədar NATO rəhbərliyinə məktub ünvanladıqlarını bildirib. Bununla bərabər o, rəhbərliyin hələ də rəsmi Dəməşqdən gələcək zərbədən çəkindiklərini bəyan edib. Qeyd edək ki, Ankara 2012-ci ilin noyabr ayında NATO-dan Suriya raketlərindən qorunmaq üçün Patriotun Türkiyə ərazisində yerləşdirilməsini istəmişdi. Buna qarşılıq olaraq ABŞ, Niderland və Almaniya zenit raket qurğularını burada yerləşdirmişdilər. NATO isə bunun Türkiyə ərazisində qalması üçün bir il vaxt müəyyənləşdirmişdi.
2013-11-13
1,608
Fələstin sülh danışıqlarına son verdi
Fələstin iyul ayında İsrail ilə başlayan sülh danışıqlarından çəkildiyini açıqlayıb. Fələstinin prezidenti Mahmud Abbas fələstinli müzakirə nümayəndələrinin iyul ayında İsrail ilə start verilən sülh danışıqlarından istefa verdiyini açıqlayıb. Abbas buna əsas olaraq isə danışıqlarda heç bir irəliləyişin olmadığını qeyd edib. Misirin "CBC" televiziyasına müsahibə verən Mahmud Abbas indiki heyət ilə razılaşa bilməsə, müzakirələri yeni bir heyətə tapşıracağını bildirib. Mahmud müzakirələrin yenidən başlamasının bir həftə vaxt ala biləcəyini deyib.
2013-11-13
1,609
Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi
"İstehlak kreditləri sahəsində bankların verdikləri kreditlər tam əsaslı deyil. Amma kredit bankla borc götürən arasında anlaşılır. Ona görə də mən bankları sosial məsuliyyətə çağırıram". Bu sözləri Elman Rüstəmov bu gün Milli Məclisdə büdcə layihəsi ilə bağlı keçirilen iclasda deyib. Mərkəsi Bank sədrinin sözlərinə görə, hazırda kreditlərin faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də istehlak kreditlərinin verilməsi ilə bağlıdır: "İstehlak kreditləri kredit portfelinin 35 faizini tutur. Və 15 faizdən 30 faizədək verilir. Amma portfelin 35 faizini təşkil edən biznes kreditləri 14 faizlə verilir. Hazırda biznes kreditləri üzrə faiz dərəcələri azalma istiqamətində gedir. Biznes kreditləri üzrə faiz dərəcələri 2008-ci ildən indiyədək 5 faiz azalıb. Amma biznes kreditləri üzrə faiz dərəcəsi yenə də yüksəkdir".
2013-11-13
1,610
Kürd qətliamı və Qarabağsız “Əriyən ada”
Bu il 15-24 noyabr tarixlərindəLondonda Avropanın ən böyük kürd film festivalı olaraq bilinən "8-ci London Kürd Film Festivalı" keçiriləcək. 23 uzun metrajlı, 45 sənədli film və 50-yə yaxın qısa filmin iştirak edəcəyi festivalda əsas mövzu Rojavadaiddia edilən kürd qətliamlarıdır. Qeyd edək ki, bir neçə ay öncə Suriyanın şimalında Hələb şəhəri yaxınlığında kürdlərin sıx yaşadığı Rojava (kürdcə "qərb" mənasına gəlir) bölgəsində kürdlərə qarşı radikal islamçılar tərəfindən törədildiyi iddia edilən qətliam haqdadır. Filmləriningiliscə altyazıyla göstəriləcəyi festivala fərqli dillərdə çəkilmiş filmlər qatılır: kürdcənin kurmancı və sorani ləhcələri, türkcə, ərəbcə, ingiliscə. Festivalda bu il iki yarışma yer alır. "Yılmaz Güney qısa film festivalı" və ssenari sahəsində. Festivala gedən filmlər arasında RehaErdeminRojava mövzulu "İnJin" filmi də var. Qarabağla əlaqəsi olmayan Qarabağ haqda film Qarabağ müharibəsindən sonra Azərbaycanda da Xocalı faciəsinə, 20 yanvar hadisələri"nə aid işğal, qətliam mövzulu filmlər çəkilib. Qarabağ mövzulu filmlərin festivallara gedib-getməməsi, yer tutub-tutmaması ilə bağlı Mədəniyyət Nazirliyinə zəng vurduq. Mövzuyla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovla əlaqə saxladıq. Londonda keçiriləcək kürd filmləri festivalı və sözügedən festivala təqdim olunan sənədli, uzun və qısametrajlı filmlərin demək olar ki, hamısının mövzusunun Rojavaqətliamına həsr olunması haqqında məlumat verib, Azərbaycanda Qarabağ mövzusunda hansı filmlərin festivala göndərildiyi ilə maraqlandıq. Yusif bəy bildirdi ki, "Nazirliyin sifarişi ilə çəkilən filmlər festivallara da, səfirliklərə də, diaspora təşkilatlarına da göndərilir. Son dövrlərdə Qarabağ mövzusunda "Dolu" filmi çəkilib. Nazirliyin və filmi istehsal edən dövlət, özəl studiyaların öz xəttilə də festivallara filmlər göndərilir. Keçən il 50-dən çox beynəlxalq festivalda bizim filmlər iştirak edib. Məsələn, bu il "Kazan festivalı"nda öz nominasiyasında "Əriyən ada" adlı bir sənədli filmimiz birinci yer tutub". Suallarımıza yarımçıq və başdansovudu cavab verən Yusif bəy adını çəkdiyi filmlər haqqında məlumat verməyərək, bu haqda istədiyimiz məlumatları internetdən (!) tapa biləcəyimizi dedi. Biz də Yusif bəyin "məsləhətinə" qulaq asaraq internet vasitəsilə rejissor Fariz Əhmədovun çəkdiyi "Əriyən ada" sənədli filminin bu il Kazanda 27 ölkənin çəkdiyi ümumilikdə 450 filmin iştirakı ilə keçirilən "IX Beynəlxalq Müsəlman Film Festivalı"nın qalibi olduğunu öyrəndik. "Azanfilm" studiyasında çəkilən film "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi seçilib. Qeyd edək ki, ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimov olan "Əriyən ada" sənədli filmində hadisələr Kürdili kəndində (Neftçala rayonu) cərəyan edir. Rejissor və ssenari müəllifi kameranın obyektivini həyatın demək olar ki, donduğu, uzun illər əvvəl tərk edilmiş Kürdili adasında hələ də yaşamaqda olan bir neçə ailənin ağır güzəranına yönəldərək, sanki dünyadan təcrid olunmuş bu insanlara doğru bir körpü salmağa çalışıb. Mövzudan da bəlli olduğu kimi bu filmin Qarabağmövzusuyla yaxından-uzaqdan əlaqəsi yoxdur. P.S. Mədəniyyətlə bağlı istənilən məlumatı internetdən tapmaq mümkünsə,Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin niyə fəaliyyət göstərdiyi bizə qaranlıq olaraq qaldı...
2013-11-13
1,611
50 yaşını gecə paltarında qeyd etdi
Məşhur rus müğənnisi Lolita 50 illik yubileyinə 50 ən yaxın dostunu çağıracaq. Bildirək ki, sevimli ifaçının noyabrın 14-də 50 yaşı tamam olur. O, əvvəlcə ad günü üçün böyük yubiley konserti verməyi planlaşdırsa da, sonra fikrindən daşınıb. Lolita ad günüylə bağlı açıqlama verib:"Mən ad günümü ən yaxın insanlarla qeyd edəcəm. 50 nəfərdən ibarət siyahım artıq hazırdır. Çağırılan hər kəs gecə paltarında və çəkələkdə gələcək. Heç bir qlamur və pafos olmayacaq. Mənim ailə yığıncaqlarından xoşum gəlir və onu da təmin edəcəm". Müğənni gecənin çox əyləncəli olacağını qeyd edib. Bu tədbiri keçirmək üçün artıq bağlı restoran da seçilib. Bütün təşkilatı məsələləri isə ifaçının həyat yoldaşıDmitri İvanov öz üzərinə götürüb.
2013-11-13
1,612
915 metr yüksəklikdə qeyri-adi toy - Foto
AŞB-da bir cütlük 915 metr yüksəklikdə qayalıqda evlənib. Bu vaxta qədər bir sıra maraqlı üsullarla ailə həyatı quran olmuşdu. Amma Amerikada bir cütlüyün evlilik məkanı isə bu vaxta qədər olanlar arasında ən qeyri-adi olanıdır desək, yanılmarıq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir alpinist təcrübəsi olmayan cütlük risk edərək 915 metr yüksəklikdə qayanın başında evlənmək qərarına gəliblər. İki qayanın arasında xüsusi kəndirlər vasitəsi ilə "İtmiş ox çıxıntısı" adı verilən qayanın üstünə çıxan cütlük burada evlənirlər. Bu qeyri-adi evlilik anı isə Ben Horton adlı fotoqraf tərəfindən lentə alınıb. "Axar.az" həmin fotoları təqdim edir:
2013-11-13
1,613
Hələ belə fotosesiya görməmişdiniz
Braziliyalı Karra Skays adlı gənc qızın etdiyi maraqlı fotosesiya ana və qızın aralarındakı maraqlı bənzərlikləri ortaya çıxarıb. Şəkillərdən də göründüyü kimi, gənc qız anası ilə eyni geyimləri geyinərək, eyni məkanlarda, bənzər pozlar verib. Sosial mediada paylaşılan fotolarda ana və qızın bir-birlərinə olan bənzərlikləri ilə diqqət çəkir.
2013-11-13
1,614
Dünyanın ən çox satılan avtomobilləri - ilk 10-luq
Dünyanın ən böyük araşdırma firmalarından sayılan "Focus2move" firmasının araşdırması nəticəsindəyanvar və sentyabr aylarında ən çox satılan avtomobillərin siyahısı və satış miqdarı məlum olub. İlk 10-luqda yer alan avtomobillərin şəkillərini sizlərə təqdim edirik. 1.Toyota Corolla - 842.507 ədəd 2.Ford Focus - 815.456 ədəd 3.Ford F-seriyası - 657.767ədəd 4.Hunday Elantra - 629.85 ədəd 5.Toyota Camry - 593.04 ədəd 6.Chevrolet Cruze - 537.66 ədəd 7.Honda CR-V - 520.157 ədəd 8.Volksvagen Golf - 517.02 ədəd 9.Ford Fiesta - 515.859 ədəd 10.Volksvagen Polo - 511.231 ədəd
2013-11-14
1,616
Ketti Peri lezbiyan olduğunu etiraf etdi
Məhşur müğənni Ketti Peri 15 yaşında yazdığı "Mən qızı öpdüm" mahnısını liseydə aşiq olduğu qız rəfiqəsinə yazdığını etiraf edib. Bu açıqlamanın ardından müğənni onu da bildirib ki, o indi də Hollivud ulduzu Skarlet Consonu bəyənir. Hətta o mətbuata açıq şəkildə Skarletə təklif də göndərib: "Əgər o mənimlə görüşmək istərsə, bundan məmnun olaram".
2013-11-14
1,617
Körpəsinə süd verən analar mükafat alacaq
İngiltərənin Səhiyyə Nazirliyi bizə görə çox qəribə görünən qərar verib. Belə ki, bundan sonra İngiltərədə körpələrinə süd verən analar altı ay boyunca hər ay 200 funt sterlinq pul çeki alacaq. Bu qərar üçün ilk olaraq İngiltərənin uşaq əmizdirməmək ənənəsi yayılmış bir bölgəsi seçilib. Əgər qərar özünü doğruldarsa, gələn ildən bütün ölkədə tətbiq olunacaq. Azərbaycanda anaların demək olar ki, böyük qismi öz övladlarını ana südü ilə böyüdür. Bunun üçün uşaq doğularkən bircə dəfə 75 manat "südpulu" verilir.
2013-11-14
1,618
Məşhur müğənninin quyruğu var imiş - ŞOK
Nə qədər əcaib səslənsə də, dünyada quyruqlu insanlar da var. Məşhur bir müğənninin son dərəcə nadir rastlanan bu xəstəliklə doğulduğu məlum olub. Çox nadir də olsa, bəzi yetkin insanlarda quyruq sümüyünün on santimetrə çatan bir ölçüdə quyruq meydana gətirə bildiyi və bu quyruqda əzələ, sinir və damarların toplandığı müşahidə edilib. Müasir tibbdə "meningocele" adı verilən bu xəstəlik, dərinin altında gizlənmiş olan, üç ya da dörd onurğanın birləşməsiylə ortaya çıxır. Elm adamlarının ən sirli müzakirə mövzusu olan "quyruqla doğulan insanlar" arasında məşhur bir müğənni də var. Məşhur müğənni-yazar və repçi Keşa, "Mən də quyruqla doğulmuşam, amma kiçik yaşlarımda keçirdiyim onlarla əməliyyatdan sonra quyruqdan xilas ola bildim",- deyib. Keşa quyruqla doğulduğuna görə uşaqlıq dövrünü "Kabus dolu günlər" kimi dəyərləndirib. Araşdırmalara görə, dünyada 40 nəfər quyruqlu insanın olduğu müəyyən edilib.
2013-11-13
1,619
İsraildə Azərbaycan günləri keçiriləcək
Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-dən 17-dək İsraildə səfərdə olacaq. "Axar.az"ın xəbərinə görə, deputatımız bu ölkədə Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Mərasimlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, bu gün ölkədə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın bir-birinə olan dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq ( Trend ).
2013-11-13
1,620
Azərbaycanla Türkiyə arasında 7 sənəd imzalandı
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda Bəyannamə imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda bir sıra sənədlər imzalanıb. Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı - TUBİTAK-ın sədri Yücəl Altınbaşaq imzaladılar. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar. Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar. Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Sazişi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar. Azərbaycan və Türkiyə hökumətləri arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik imzaladılar. Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyip Ərdoğan isə sonda toplantının yekun Bəyannaməsini imzalayıblar ("Musavat.com").
2013-11-13
1,621
"ZAZ" və "Volvo" yandı
Azərbaycan ərazisində iki maşın yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakının Xətai rayonunda "ZAZ" markalı avtomobilin yanar hissələri alovlanıb. Digər hadisə Bərdə Rayonu Xasili kəndində baş verib. Kənd sakininə məxsus "Volvo" avtomobilinin mühərrik və salon hissələri yanıb. Hər iki yanmış maşın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
2013-11-13
1,622
Tələbələr Altay Göyüşova görə dərsləri boykot edib - Foto
Noyabrın 13-də Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbələri dosent Altay Göyüşovun işdən uzaqlaşdırılmasına etiraz olaraq dərsləri baykot ediblər. "Axar.az"ın xəbərinə görə, bu barədə "Azadlıq" radiosuna aksiyada iştirak edən tələbələrdən biri məlumat verib: "Dünən axşam saatlarında feysbukda Altay Göyüşovun BDU-dan çıxarılması haqda yazılanları oxuduq. Səhər saatlarında isə dördüncü kursda təhsil alan tarix fakultəsinin 55 tələbəsiylə birlikdə qərara gəldik ki, dərsləri boykot edək. İlk olaraq 4-cü kurs tələbələri dərsə girməkdən imtina etdilər. Tarix korpusunun qabağına toplaşdıq. Daha sonra dekan Azad Rzayev məsələni birlikdə müzakirə etməyimizi istədi. Boykota 2-3-cü kurs tələbələri də qoşulmuşdu. Görüşdə prorektor Sani Hacıyev tələbələrə söz verdi ki, Altay müəllimin sabah dərsi var. Sabah gəlib dərsini keçə bilər". Tələbələr deyirlər ki, onlara verilən vəd yerinə yetirilməsə, dərslərə girməkdən imtina edəcəklər. Xatırladaq ki, Altay Göyüşovun Bakı Dövlət Universitetindən çıxarıldığı barədə məlumatlara universitet və fakültədən münasibət bildirilib, həmçinin rektor Abel Məhərrəmov bu barədə bu gün açıqlama verib.
2013-11-13
1,623
Amerikalılar Obamaya güvənini itirdi
ABŞ-da keçirilən bir anket sorğusuna görə ABŞ prezidenti Barak Obamanın etibarı vəzifəyə gəldiyi gündən bu yana kimi ən aşağı səviyyəyə düşüb. "Axar.az" xəbər verir ki, Quinnipiak Universitetinin araşdırmasına görə, seçicilərin 54%-i Obamanın səhiyyəylə bağlı verdiyi öhdəlikləri yerinə yetirmədiyini düşünür. 39% seçicilər isə bunun əksini, Obamanın səhiyyəylə bağlı müsbət yöndə istlahatlar apardığını bildirir. Seçicilərin digər hissəsi səhiyyəylə bağlı məsələnin düzələcəyinə inanır. Xatırladaq ki, prezident Obamanın keçən həftə səhiyyə sahəsində aparılan istlahatların effektiv nəticə vermədiyi üçün Amerika xalqından üzr istəməsi seçicilərin 52%-də belə təəssürat yaradıb ki, Obama dürüst və etibarlı deyil.
2013-11-13
1,624
İlham Əliyevin Türkiyə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri noyabrın 13-də başa çatıb "Axar.az"ın xəbərinə görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezidenti Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb. Həmin gün axşam Bakıya dönən İlham Əliyevi Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.
2013-11-13
1,625
Günün görüntüləri fotolarla
Pakistanda Məhərrəm ayının 10-cu günü gecə mərasimləri təşkil edilib. "Axar.az" Lahorda, Ravalpindidə və İslamabadda keçirilən matəm mərasimlərindən foto görüntüləri təqdim edir.
2013-11-13
1,626
Netanyahudan geri addım
İsrailin Qərbi Şeriyada yəhudilər üçün yeni yaşayış binası inşa etməsi ABŞ və Fələstin tərəfindən etirazlarla qarşılandı. "Axar.az"ın xəbərinə görə, İsrailin Baş naziri Beynamin Netanyahu öz növbəsində ABŞ və Fələstinin etirazları qarşısında geri addım atmağa məcbur oldu və inşaatı dayandırdı. Baş nazir öz açıqlamasında, "Bu addım orada məskunlaşmış insanlara zərər gətirə bilər. Bu mənasız bir addımdır. İranla danışıqların getdiyi ərəfədə belə bir addımın atılması beynəlxalq cəmiyyət tərəfindən kəskin qınağa səbəb ola bilər". – deyə bildirdi.
2013-11-14
1,627
Bu gün Aşura günüdür
Bu gün bir sıra müsəlman dövlətlərində olduğu kimi, Azərbaycanda da Aşura günü qeyd olunur. 1374 il əvvəl məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla yaxınlığında öz tərəfdarları ilə birgə şəhid olublar. Onlar Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib. O vaxtdan indiyədək həmin gün, məhərrəm ayının 10-u "Aşura mərasimi" qeyd olunur və 40 gün yas saxlanılır. Həmin hadisədən 1400 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedib, Allah naminə nəzir verir və ehsan paylayır. Bu gün də İmam Hüseyn və onun tərəfdarları olan 71 müsəlman Azərbaycanın bütün məscidlərində anılır və bununla bağlı mərasimlər keçirilir. Bundan başqa, hər il olduğu kimi bu ildə respublikanın bir çox bölgələrində xeyriyyə məqsədi ilə qanvermə aksiyaları da keçirilir. Hazırda Bakı şəhərində "Təzəpir", "Hacı Soltanəli", "Bibiheybət", İçərişəhər "Cümə", "Qaraçuxur", "Mirmövsüm ağa", "Keşlə qəsəbə" məscidlərində qanvermə aksiyaları keçirilir. Həmçinin Sumqayıt şəhərində "Cümə" məscidi, Gəncə şəhər "İmamzadə" məscidi, Mingəçevir şəhər "Heydər" məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər "Böyük Bazar" məscidi, Bərdə şəhər "Cümə" məscidlərində də bu aksiyaya start verilib.
2013-11-14
1,629
Oğul atanın gözlərini çıxardı
Bakının Nəsimi rayonunda tükürpədici hadisə baş verib. Oğul yaşlı atasının gözlərini çıxardaraq onu həyat işığından məhrum edib. Hadisə rayonun Hüseynbala Əliyev küçəsi 5, mənzil 97 üvanında baş verib. Hadisəyə səbəb tərəflər arasında yaranan mübahisə olub. 44 yaşlı İlqar Hüseynov mübahisə zəminində 68 yaşlı atası İmran Hüseynovun gözünü çıxarıb. Yaşlı kişi dərhal Zərifə Əliyeva adına Göz Xəstəxanasına çatdırılıb. Məlumata görə, Hüseynovlar ailəsi hadisə ilə bağlı şikayətçi olmadığından faktı polislərdən gizlətməyə çalışıblar. Bundan xəbər tutan Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Ailə üzvləri yaşlı kişinin ehtiyatsızlıq səbəbindən öz-özünə xəsarət yetirdiyini bildirsələr də, polisləri buna inandırmaq mümkün olmayıb. Zərərçəkən İmran Hüseynov isə xəstəxanının reanimasiya şöbəsində olduğundan polislər hələ ki, onun ifadəsini ala bilməyiblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir. Araşdırmalardan sonra atasının gözlərinə əl uzatdığı iddia edilən İlqar Hüseynovun etdiyi əmələ hüquqi qiymət veriləcək. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə isə hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov narkotik maddələr aludəçisidir və onun atası ilə məhz bu səbəbdən mübahisə etdiyi ehtimal olunur.
2013-11-14
1,630
Sabirabadda yol terroru: ölən var
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın "Anspress.com"a istinadən verdiyi xəbərə görə, ağır yol qəzası Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 24-cü km-də, Sabirabadın Şəhriyar kəndi ərazisində qeydə alınıb. Şirvan istiqamətində hərəkətdə olan "Mersedes" markalı minik maşını qarşıdan gələn "Hovo" markalı yük maşını ilə toqquşub. Yük maşınının arxasınca gələn "Lada Priora" da "Hovo"nun arxasına çırpılıb. Qəza nəticəsində tamamilə yararsız hala düşən "Mersedes"də sərnişin Sabirabad rayon Şəhriyar kənd sakini 1978-ci il təvəllüdlü Fərzəliyev Valeh Güloğlan oğlu ağır xəsarətlərlə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına daxil olarkən dünyasını dəyişib. "Mersedes"in sürücüsü Elvin Alışanov, "Lada"nın sürücüsü Elçin Cəfərov və sərnişin Səyyad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəyə səbəb olaraq "Mersedes"in yük maşınının hərəkət zolağına çıxması göstərilir. Faktla bağlı BDYPİ tərəfindən araşdırmalara başlanılıb.
2013-11-14
1,631
Aslan Aslanov rüşvət ittihamlarına cavab verdi
"Əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam" Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Aslan Aslanov bu gün mətbuatda yayılan və onu rüşvət almaqda ittiham edən yazılara münasibət bildirib. "Qafqazinfo"ya açıqlamasında mediada yazılan məlumatları təkzib edən A.Aslanov uzun müddətdir dövlətə xidmətindən danışıb: "90-cı illərdən - Ulu öndərin vaxtından bu günə qədər dövlətimizin və vətənimizin qarşısında xidmətlərim olub. Etdiyim xidmətlər barəsində heç vaxt danışmamışam. İndi məni bu barədə danışmağa məcbur edirlər. Mən Azərbaycan–Ermənistan münaqişəsində əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam. Onlarla zirehli texnikanı alıb əsgərlərə vermişəm. Şəhid olan 22 əsgərin qəbirüstü abidəsini öz vəsaitim hesabına götüzdürmüşəm. Bu xidmətlərimi də Heydər Əliyev yüksək qiymətləndirərək 35 yaşında mənə birbaşa polkovnik rütbəsi verib. Bundan başqa, mən Gürcüstanda M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadənin yaşadığı evləri öz vəsaitimlə alaraq ev muzeyinə çevirmişəm. Gürcüstanda Azərbaycanın mövqeyi üçün çox şeyi qurban vermişəm. Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzenin prezidentlik dövründə Azərbaycan Xalq Cümhuriyətinin qurucuları üçün park salmışam və heç birinə görə təmənna ummamışam. Ölkə rəhbərliyinin mənə qarşı həmişə yüksək diqqəti olub. Məsləhət olub vəzifəmdən azad olunmuşam. Bu isə cəmi bir neçə gündür baş verib. Hazırda evimdə oturub istirahət edirəm. Mən həm də YAP-ın Siyasi Şurasının üzvüyəm. Yaxın günlərdə ölkə rəhbərliyi hansı vəzifəni mənə tapşıracaqsa, o işin qulpundan yapışıb dövlətimə xidmət edəcəyəm". Aslan Aslanov həmçinin yaxın qohumunun cəzalandırılaraq Murova göndərilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Doğrudur, mən Səfər Əbiyevlə kirvəyəm. Lakin mənim hərbi sistemdə cəmi bir əmim oğlu işləyir. O da Nizami rayon Hərbi Komissarının müavini Azər Aslanovdu. Onun vəzifəyə gəlməsiylə bağlı S.Əbiyevdən heç bir xahiş etməmişəm. Gördüyünüz kimi, Gürcüstana qaçmağa da cəhd etməmişəm. İndi sizinlə danışıramsa, deməli, həbs xəbərim də yalandı. Mən öz dövlətimə o cür xidmət etməmişəm ki, bir gün onu qoyub qaçmaq məcburiyyətində qalım. Bütün mediadan xahişim odur ki, nə yazırlar yazsınlar, məni ləkələməyə cəhd etməsinlər. Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz. Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29 güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq qalıram".
2013-11-14
1,632
Mehriban Əliyeva və Əminə Ərdoğan görüşü - Fotolar
Əvvəlcə Mehriban Əliyeva və Əminə Ərdoğan xatirə şəkli çəkdiriblər. Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı çay süfrəsi ətrafında söhbət ediblər.
2013-11-14
1,633
İqbal Ağazadənin Milli Məclisdə çıxışı - Audio
"Ölkədə özəl sektor yoxdur, iqtisadiyyat dövlətin nəzarətindədir". Bu gün millət vəkili İqbal Ağazadə Milli Məclisin sessiyasina yeni təkliflərlə çıxış edib. Həmin çıxışı təqdim edirik:
2013-11-14
1,634
Maşınlarda pərdələrdən istifadə mövsümü bitir - Video
2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. "Axar.az"ın ANS-ə istinadən verdiyi xəbərə görə, artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq. Bakı şəhər Dövlət Polis İdarəsinin İctimai Qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yalnız avtomaşınların arxa şüşəsinə vurulan pərdə və görüntünü məhdudlaşdıran vasitələrə icazə veriləcək. Bundan başqa, bəzi avtomaşınların arxa tərəfində yük hissəsinin şüşələrinə jalüz və görüntunü məhdudlaşdıran vasitələrin vurulmasına da icazə verilir: "Noyabr ayının 15-dən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Artıq o gundən etibarən həmin sürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq. Xatırladım ki, yol hərəkəti qaydasına əsasən, həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək".